RU

Tovuzun qəhrəmanlıq estafeti

Tovuz rayonu hər zaman igid oğulları ilə seçilib. İkinci Dünya müharibəsində 3 tovuzlu – Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqov Berlinədək döyüş yolu keçib, qorxmazlıq və şücaətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər. Məstan Əliyev qələbəyə az qalmış Berlində həlak olub, digərləri isə müharibədən sağ-salamat qayıdıb əmək cəbhəsində də fərqləniblər.

İkinci Qarabağ savaşının şəhidi Hüseyn Əliyev yeniyetmə çağlarında tez-tez qəhrəmanların rayon mərkəzindəki büstlərini ziyarət edər, onların adları ilə qürur duyardı. O, müharibəyə qədər Əsrik Cırdaxan kənd məktəbində müəllimlik etmiş həmkəndlisi Məstan Əliyevin haqqında daha çox bilgi toplamışdı. Özü də böyüyəndə qəhrəmanın hünərini təkrarlamağı arzulayardı.

Sovet İttifaqı Qəhrəmanı M.Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbində təhsil alan Hüseyn Əsriyin od ürəkli, dəmir biləkli gənclərinin Birinci Qarabağ müharibəsində iştirakı haqqında da çox söhbətlər dinləmişdi. Bütün bunlar onda vətənpərvərlik hisslərini gücləndirmişdi. Odur ki, qarşısına hərbçi olmağı məqsəd qoydu. Hərbi hazırlıq dərslərdə “Kalaşnikov” avtomatını elə cəld söküb yığırdı ki, müəllimlər də heyrət edirdilər. Hüseynin bu cəldliyindən xəbərdar olan məktəbin direktoru toplantıların birində “Qarabağı məhz Hüseyn kimi oğullarımız azad edəcək”, – demişdi.

Hüseyn Əliyev 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Taleyini hərb sənətinə bağlayan igid Vətən müharibəsinə qədər təlimlərə qatılaraq Quru Qoşunlarında müddətdən artıq hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmət edib.

O, 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə savaşır. İlk günlər ailəsi ilə telefon əlaqəsi saxlamağa imkan tapan Hüseyndən oktyabrın 3-dən sonra heç bir xəbər gəlmir. Sən demə, itkin düşübmüş. Onun öldü-qaldısından xəbərsiz olan ailəsi, eləcə də kənd camaatı hər günü intizarla başa vurur.

Kəndə hər şəhid xəbəri gəldikcə Hüseynin atası Sahib və anası Gülbəniz övladları Kənanı və Zivəri “Qaçın, tez xəbər gətirin, görək, bu dəfə gətirilən bizim uşaqdırmı?”– deyə kənd idarəsinin qarşısındakı izdihamdan məlumat öyrənməyə göndərirlər. Yalnız 1 ay sonra onun döyüş yoldaşlarından sağ qalanlar ailəyə deyirlər ki, Hüseyn oktyabrın əvvəlində Murovdağ döyüşləri zamanı həlak olsa da, nəşi uzun müddət tapılmayıb.

Payızın sonundan Murov bəyaz qara bürünür. Axtarış işləri daha da çətinləşir, amma dayanmır. Nəhayət, 2021-ci il yanvarın 13-də Hüseynin nəşinin tapıldığı xəbəri gəlir. Əsrik Cırdaxanın sakinləri, rayon fəalları, gənclər kənd yolunda qarşılama törəni keçirirlər. 105 gün intizarla yolu gözlənilən Hüseynin nəşi yanvarın 14-də doğulduğu kəndə gətirilir və torpağa tapşırılır.

Silahdaşları 20 yaşı tamam olandan 18 gün sonra şəhid olan Hüseynin haqqında iftixarla danışırlar. Döyüşlərdə göstərdiyi hünər haqqında əfsanələr dolaşır. İndi Əsrik Cırdaxan kənd qəbiristanlığında uyuyan şəhidin ruhu sevinc içində dağlarda dolaşır. Çünki uğrunda canını fəda etdiyi torpaq azad edilib, indi orada böyük quruculuq, abadlıq işləri gedir. Yurd sahibləri doğma torpaqlarına qayıdırlar.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Hüseyn Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Zərifə BƏŞİRQIZI
XQ

Избранный
25
1
xalqqazeti.az

2Источники