RU

Turançılıq məfkurəsi: qardaşlıq simfoniyası

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkdilli xalqlar ta qədim dövrlərdən zamanın hökmü ilə geniş Avrasiya coğrafiyasının yaxın-uzaq ərazilərinə yayılaraq bu torpaqlarda özlərinə əbədi yurd yerləri qurublar. Türklər tarix yazan toplumdur, qeyrət və hünər sahibləridir. Onlar qoca tarixin ayrı-ayrı dönəmlərində 26 qüdrətli dövlət və imperiya qurublar, bəşəri mahiyyəti ilə tarixdə iz qoyan sivilizasiya yaradıblar.

Zaman-zaman türkün birləşib güclənməsindən əndişəyə düşən düşmənlər min bir hiylə ilə türkdilli xalqlar və dövlətlər arasında nifaq salmağa çalışıblar. Acı təəssüf ki, bəzən qardaşı qardaşla savaşdırıb öz bəd niyyətlərinə nail ola biliblər. Bu gün də Böyük Turan ideyasına qənim kəsilənlər az deyil. Ancaq bu cəhdlər əbəsdir. Türk xalqlarının birlik və qardaşlıq qalası qurmaq əzmi çox güclüdür.

Bəli, çağdaş dövrün siyasi üfüqlərindən yeni Böyük Turan boylanır. Məramı xalqlar və dövlətlər arasında sülhü, sabitliyi, əmin-amanlığı bərqərar etməkdir. Türkçülüyün böyük mücahidləri Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Yusif Akçura, Ziya Göyalp və digər vətənpərvər ziyalılar məhz bu günü arzulayırdılar. Xoşbəxtlikdən “Dildə, fikirdə, əməldə birlik” (İ.Qaspıralı–müəllif) ideyası indi xəyallardan reallığa çevrilir.

Qlobal dünya düzənində bəşəri ədaləti özünün missiyasına çevirən, “üç dost – üç ürək”dən – Azərbaycan, Türkiyə və Pakistandan ibarət yeni güc mərkəzi formalaşıb. Xalqımızın 44 günlük şanlı savaşda qazandığı qələbənin 5-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən təntənəli hərbi paradda bu dövlətlərin əsgər və zabitləri Azadlıq meydanında birgə addımladılar. Uca Allahdan bu dostluğun əbədi olmasını arzulayırıq.

O gün paytaxtın on minlərlə sakini əllərində üç qardaş dövlətin bayraqları, ürəklərində ümid və sevgi dolu hisslərlə Dənizkənarı bulvara axışaraq paraddan keçən qalib hərbçiləri hərarətlə salamladılar. Mavigözlü Xəzər qəlbə ruh verən bu qürurverici mənzərəyə şahidlik edərək sevincə öz dəniz nəğməsini oxuyurdu. İnsanlar çox xoşbəxt və mutlu idilər. Gənc oğlan və qızlar, uşaqlar gözəl musiqi sədaları altında deyir, gülür, oynayırdılar. Bu əbədi qardaşlığın möhtəşəm simfoniyası idi!

Parad canlı olaraq bütün ölkəyə və dünyaya nümayiş olunurdu. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımızı Tarixi Zəfər münasibətilə təbrik edərək 5 il əvvəl Milli Ordumuzun igid əsgər və zabitlərinin doğma Qarabağda hünər dastanı yazmasından fəxrlə söz açdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann 86 milyonluq Türkiyə vətəndaşları adından Can Azərbaycana növbəti dəfə hərarətli salamlarını yetirdi. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin igid Azərbaycan əsgərinin Qarabağda qazandığı parlaq qələbənin dünyada haqqı pozulan bütün insanların qəlblərində ümid şöləsi alovlandırdığını söylədi.

O gün Dənizkənarı bulvarda sinələrini Azərbaycanın orden və medalları bəzəyən əsgər və zabitlərimizi, Vətən naminə sağlamlıqların qurban verən qazilərimizi görəndə ürəyim sevincdən köksümə sığmırdı. Onların əllərindən tutan nişanlıları, həyat yoldaşları, övladları haqlı olaraq çox qürurlu və xoşbəxt idilər. Milli hərbi geyimdə əsgər və zabitlərimizlə rastlaşan analar isə həmin an ürəklərindən dillərinə axan bu sözləri necə də şəstlə deyirdilər: “Qeyrətinizə qurban olum, balalarım!”.

8 Noyabrda təkcə Azərbaycan vətəndaşları deyil, bütün Türk dünyası sevinirdi. Sosial şəbəkələrdə dünyanın bir çox ölkələrindən soydaşlarımız, eləcə də Azərbaycanın dostları xalqımızı qələbənin 5-ci ildönümü münasibətilə təbrik etməyi özlərinə borc bilirdilər. “Qarabağa aparan yol” kitabının müəllifi, işğaldan azad olunan Şuşanı dəfələrlə ziyarət edən tanınmış qazaxıstanlı şair, yazıçı-publisist Nasihə Gumarqızı özünün feysbuk səhifəsində Azərbaycan əsgərini vəsf edən status paylaşaraq sonda yazmışdı: Qarabağ Azərbaycandır! Azərbaycan Turandır!

Məsaim ABDULLAYEVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
xalqqazeti.az

2Источники