RU

"Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir" - Deputat

"Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirlməsi xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır".

Bunu "Unikal"a açıqlamasında deputat Samir Vəliyev deyib. O bildirib ki, bu, dünyada cərəyan edən ziddiyyətli proseslər, mövcud geosiyasi reallıqlar fonunda çox böyük əhəmiyyət daşıyır:

"Ortaq dəyərlərə və üst-üstə düşən strateji maraqlara malik olan ölkələrimiz bir-biri ilə sıx inteqrasiya edirlər. Qeyd edək ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər, Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Belə intensiv siyasi dialoq ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasının əyani göstəricisidir. Bu kontekstdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur".

Deputatın sözlərinə görə, respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir:

"İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq kimi səciyyələndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir".
 
Samir Vəliyev təmasların möhkəmlənməsində liderlərin dostluq münasibətlərinin və onların mütəmadi hal alan qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib: "Təkcə son bir il yarım ərzində beş yüksəksəviyyəli səfər olub. Bütün bunlar iki ölkə arasındakı münasibətlərin yüksək dinamikasını əyani şəkildə göstərir. Keçən ilin avqustunda Prezident İlham Əliyevin  Özbəkistana dövlət səfəri baş tutub, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib".
 
Milli Məclisin deputatı vurğulayıb ki, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq müxtəlif sahələrdə, o cümlədən də iqtisadi sektorda əməkdaşlıq da davamlı olaraq genişlənir:

"Müsahibədə də qeyd olunduğu kimi, hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb".

"Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir", - Samir Vəliyev bildirib.

Избранный
34
unikal.az

1Источники