RU

Kuryer: “Qanunu icra etdim, amma işimdən oldum”

"Bolt Food" kuryeri işinin haqsız yerə dayandırıldığını və tətbiqdə bloklandığını iddia edir. Onun sözlərinə görə, iki ilə yaxın müddətdə şirkətlə rəsmi qaydada partnyor kimi əməkdaşlıq etməsinə baxmayaraq, hesabı səbəbsiz bağlanıb.

Milli.Az xəbər verir ki, kuryer bildirir ki, problem spirtli içki sifarişini çatdırarkən yaranıb. O deyir ki, sifarişi müştəriyə təhvil vermək istəyəndə onun 18 yaşından kiçik ola biləcəyini düşünüb və şəxsiyyət vəsiqəsini təqdim etməsini istəyib. Müştəri isə nə sənədinin, nə də portaldan yaş təsdiqinin olduğunu bildirərək göstərməkdən imtina edib.

Kuryer vəziyyəti dərhal "Bolt Food" tətbiqi üzərindən şirkətə çatdırdığını, verilən göstərişə əsasən sifarişi geri mağazaya qaytardığını qeyd edir.

Lakin daha sonra şirkət ona müştərinin guya vəsiqəni göstərmək istədiyini, kuryerin isə gözləmədən ərazidən uzaqlaşdığını bildirərək hesabı bloklayıb.

Kuryer hesab edir ki, müştəri şikayət etdikdə şirkət məsələni araşdırmadan əməkdaşın fəaliyyətini dayandırır. 

Bəs qanun nə deyir? 

Məsələ ilə bağlı hüquqşünas Vüsal Cəfərov bildirib ki, qanunvericiliyə əsasən, əgər alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı o zaman alışı həyata keçirməkdən imtina edə bilər:

"Qanunvericiliyin tələblərindən göründüyü kimi bu cür sənədləri tələb etmə satıcıya məxsusdur. Bu hadisədə önəmli faktor şirkət və kuryer arasında əmək müqaviləsinin bağlanıb-bağlanmamasıdır. Əgər bağlanıbsa, bu zaman məsələ əmək qanunvericiliyə uyğun olaraq həll edilir". 

Mövcud vəziyyətlə bağlı, şirkətdən bildirildi ki, məsələdən xəbərdardırlar. Araşdırılma aparıldıqdan sonra nəticəsi haqqında ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakı qadağandır.

Asya Hüseyn
Milli.Az 

Избранный
48
1
milli.az

2Источники