RU

Özbək şərhçi: Prezident İlham Əliyevin Daşkənd səfəri Transxəzər nəqliyyat əməkdaşlığını sürətləndirir

Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvət olunması Bakının regiondakı yüksələn geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirir.

Bu sözləri APA-ya açıqlamasında Özbəkistandan olan tədqiqatçı-jurnalist və siyasi şərhçi Adxamcon Janobiddinov deyib.

Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin Məşvərət Görüşünə dəvət olunması ölkələrimiz arasındakı davamlı əməkdaşlıq xəttinin məntiqi davamıdır: “Dəvət xüsusilə Azərbaycanın Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən strateji nəqliyyat və enerji qovşağı rolunu gücləndirməsi fonunda diqqət çəkir. Prezident Əliyevin vurğuladığı kimi, Xəzər dənizi region ölkələri üçün ayırıcı deyil, Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən birlik rəmzidir”.

Özbək siyasi şərhçi hesab edir ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı Orta Dəhlizin tam potensialının reallaşdırılmasında həlledici rol oynayır: “Azərbaycanın strateji coğrafi mövqeyi, limanlar, dəmir yolları, BTQ xətti və müasir logistika imkanları bu layihəni regional iqtisadi inteqrasiyanın əsas sütunlarından birinə çevirir. Orta Dəhlizin genişləndirilməsi həm Avropanı Mərkəzi Asiya ilə birləşdirən yeni ticarət xətti yaradır, həm də regionda iqtisadi artım və şaxələndirməyə təkan verir”.

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında əməkdaşlığın hər zaman sıx olduğunu vurğulayan Janobiddinov bildirib ki, prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyevin rəhbərliyi altında bu tərəfdaşlıq ticarət, mədəniyyət, təhsil, turizm və humanitar sahələrdə yeni mərhələyə yüksəlib.

“Hazırda Bakı və Daşkənd münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması bu dinamikanı təsdiqləyir. Ekspertlər hesab edirlər ki, Orta Dəhliz üzrə infrastruktur və logistika layihələrinin genişləndirilməsi – dəmir yolu bağlantılarının təkmilləşdirilməsi, Ələt Limanında xüsusi terminalların yaradılması, gömrük proseslərinin rəqəmsallaşdırılması – nəqliyyat xərclərini və vaxt itkisini nəzərəçarpacaq dərəcədə azalda bilər”, - o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan–Özbəkistan İnvestisiya Fondunun daha aktiv istifadəsi toxuculuq, kənd təsərrüfatı, petrokimya və avtomobil sənayesi kimi sahələrdə yeni birgə istehsal imkanları yarada bilər.

“KOB-ların bazara çıxışını asanlaşdıran rəqəmsal ticarət platformasının yaradılması da gündəmdədir. Turizm, aviasiya və peşə təhsili üzrə əməkdaşlığın genişləndirilməsi isə ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək. Bütün bu addımlar Azərbaycan və Özbəkistanın yaxın illərdə ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq kimi strateji hədəfə doğru irəliləməsinə geniş imkan yaradır. Region ölkələri ilə əməkdaşlığın yeni mərhələsi isə Bakının Orta Dəhlizdə aparıcı rolunu daha da gücləndirəcək”, - özbək siyasi şərhçi fikrini yekunlaşdırıb.

Избранный
50
1
apa.az

2Источники