RU

Komitə sədri COP30 tədbirlərində iştirak edir

Yazını böyüt
Yazını kiçilt

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belem şəhərində keçirilən COP30 çərçivəsində bir sıra tədbirlərdə iştirak edir.

Komitədən hafta.az-a bildirilib ki, noyabrın 14-də “İqlim fəaliyyəti evdən başlayır: Dəyişən iqlimdə mənzil təminatı” mövzusunda keçirilən tədbirdə çıxış edən Komitə sədri əlverişli və davamlı mənzil təminatının insan hüquqlarının qorunması, iqlim dayanıqlılığı və inklüziv inkişaf baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, mənzillər həm iqlim dəyişikliyindən təsirlənir, həm də ona təsir göstərir. Buna görə şəhərsalma və tikinti prosesləri ətraf mühitə təsirləri minimuma endirməli və icmaların rifahını artırmalıdır. O, həmçinin Azərbaycanın BMT-nin “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri kimi iqlim aspektlərinin qlobal mənzil prinsiplərinə inteqrasiyasını təmin edəcəyini də qeyd edib.

Anar Quliyev gələn il Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) mənzil məsələsini iqlim dayanıqlılığı və sosial inklüzivlik üzrə siyasətlərin əsas komponenti kimi prioritetləşdirəcəyini bildirib. Forum aşağı karbonlu və dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə, inklüziv şəhər siyasətlərinin təşviqinə və Azərbaycanın innovativ şəhərsalma təşəbbüslərinin — Bakının insanmərkəzli və iqlimədavamlı Baş planının, azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" Proqramının, eləcə də əlçatan mənzil layihələrinin təqdimatına imkan yaradacaq.

“Bakı Davamlılıq Koalisiyası: Mənzil və iqlim həllərinə gedən yol” adlı digər tədbirdə isə Komitə sədri COP29 zamanı təsis olunan Koalisiyanın iqlimədavamlı və insanmərkəzli şəhərsalma üzrə qlobal əməkdaşlıqda rolunu diqqətə çatdırıb. Bildirib ki, COP və WUF-ların ev sahibləri - Misir, BƏƏ, Azərbaycan və Braziliyanın əsas iştirakçısı olduğu və tərəfdaş ölkələrə açıq olan Koalisiya kommunikasiya, uğurlu layihələrin təqdimatı, nazirlər səviyyəsində davamlı dialoq və müxtəlif maraqlı tərəflərin prosesə cəlb olunması istiqamətində fəaliyyət göstərir. Anar Quliyev Koalisiya vasitəsilə gücləndirilmiş koordinasiyanın WUF13 çərçivəsində qlobal öhdəliklərin yerli icrasını sürətləndirəcəyinə və təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

WUF13 üzrə milli koordinator olan Anar Quliyev, eyni zamanda, bütün tədbir iştirakçılarını gələn il Bakıda keçiriləcək və innovativ şəhərsalma sahəsində qlobal müzakirələr üçün nadir fürsət yaradacaq 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib.

Избранный
28
hafta.az

1Источники