RU

İş və şəxsi həyat arasında necə balans yaradaq?

Müasir dövrdə bir çox insan iş yükünün çoxluğu ilə əlaqədar şəxsi həyatına kifayət qədər diqqət göstərə bilmir.

İş yükü, məsuliyyətlər və vaxt azlığı səbəbindən insanlar özlərinə, ailələrinə və istirahətə kifayət qədər zaman ayıra bilmirlər. Uzun müddət davam edən bu vəziyyət isə tükənmişlik, emosional yorğunluq və həyata qarşı həvəssizlik yaradır. İş və şəxsi həyat arasında balansın pozulması isə insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir.

İş və şəxsi həyat arasında balans yaratmaq niyə bu qədər çətinləşib?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Ülkər Musayeva bildirib ki, öhdəliklər beynin resursunu davamlı olaraq parçalayır:

“Müasir dövrdə iş və şəxsi həyat balansının çətinləşməsinin əsas səbəbi diqqətin həddindən artıq dağılmasıdır. Bizim fokus xəritəmiz çox yüklənib: telefon bildirişləri, sosial media, onlayn iş və paralel öhdəliklər beynin resursunu davamlı olaraq parçalayır. Bu da həm işə, həm özünə tam qapana bilməməyi yaradır və balansı təbii olaraq pozur.

Balans pozulduqda insanın resurs halı zəifləyir, enerji düşür, motivasiya azalır, stress artır. Daxili uyğunsuzluq yaranır, insan birini hiss edir, başqa cür davranır. Bu, tükənmə, emosional gərginlik və bəzi situasiyalara mənfi ankraj, məsələn, iş zənginə qarşı avtomatik stress formalaşdırır".

Psixoloq qeyd edib ki, müasir dövrdə insanlar hər şeyə çatmaq istəyir:

"İnsanlar balansı qorumağa çalışarkən ən çox sərhəd qoya bilməmək və günahkarlıq hissi ilə üzləşirlər. “Yox” demək çətin gəlir, çünki həm qəbul olunmaq, həm də hər şeyə çatmaq istəyi var.

Üstəlik, “hamısını özüm etməliyəm”, “dayansam geri düşərəm” kimi limitli inanclar balansı daha da çətinləşdirir. Məhz bu fokus və inanc modellərini dəyişdirərək insana daha stabil və idarəli həyat ritmi qurmağa kömək edir”.

Избранный
391
40
cebheinfo.az

10Источники