RU

Manaf Cəlilzadə, Murad Quliyev və İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı


Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb. Bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, Cəlilzadə Manaf Məmmədalı oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib. Bildirilib ki, o, bu il noyabrın 24-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, fevralın 17-i 2019-cu il tarixində Süleyman Süleymanlı, Tofiq Mehmanov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə bürosu yaxınlığında ictimai yerdə Mehman Məmmədov və digərlərinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlarını əvvəlcədən razılaşdırılmış formada video lentə alaraq “Youtube” platformasında “Diktator TV” adlı kanalında canlı yerləşdirərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib və daha sonra 19 yanvar 2023-cü ildən 17 iyun 2025-ci il tarixinədək hazırladığı 19 müxtəlif video-müraciətlə ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarını iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir etməyə çalışan açıq çağırışlar yayıb.

Murad Quliyev də Baş Prokurorluğa çağırılıb. Məlumata görə, Quliyev Murad Qüdrət oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 23 sentyabr 2019-cu ildə “Facebook” platformasında “Murad Quliyev” adlı səhifəsində və 24 dekabr 2023-cü ildə “Youtube” platforasında “RaffNaff” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev də Baş Prokurorluğa çağırılıb. Məlumata görə, Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək "SDI Group" MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

Təqsirləndirilən hər üç şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib. Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

ZÜMRÜD

Избранный
35
40
baki-xeber.com

10Источники