RU

COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşüb

Bakı, 16 noyabr, AZƏRTAC

COP29 Sədrliyi tərəfindən irəli sürülən “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü çərçivəsində Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim sammitində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq sahəsində təcrübəsini bölüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Muxtar Babayev bu təşəbbüsə artıq 70-ə yaxın ölkənin qoşulduğunu bildirib. “Azərbaycanın milli səviyyədə gördüyü tədbirlər və regional təşəbbüsləri bu qlobal təşəbbüsün məqsədlərinə birbaşa töhfə verir. Ölkəmiz hazırda yaşıl enerji ötürülməsi üzrə mühüm regional mərkəzə çevrilir. Ölkənin iştirakı ilə dörd regional yaşıl enerji dəhlizi layihəsi həyata keçirilir. Onlardan biri olan “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizi layihəsi Qazaxıstan və Özbəkistanın elektrik şəbəkələrini Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Azərbaycanın şəbəkəsinə birləşdirəcək. Bu layihə vasitəsilə regionun yaşıl enerjisinin Avropa bazarlarına ixracı nəzərdə tutulur.

Həmçinin 2027-ci ilin sonuna qədər Azərbaycan milli enerji sisteminə təxminən 2 qiqavat (GW) bərpaolunan enerji gücünü inteqrasiya etməyi planlaşdırır. Bunun üçün enerji şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası istiqamətində kompleks təhlillər aparılıb və hədəflənmiş addımlar atılır.

Azərbaycanın enerji şəbəkəsinin modernləşdirilməsi məqsədilə Energetika Nazirliyi beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın ötürücü enerji şəbəkəsinin təhlilinin aparılması üçün Anlaşma Memorandumu imzalayıb. Bu təşəbbüs Azərbaycanda bərpaolunan enerji istehsalının artımını dəstəkləyəcək və ölkənin regional enerji ixracatçısı rolunu gücləndirəcək”, - deyə Muxtar Babayev diqqətə çatdırıb.

Həmçinin, COP29 Sədri bildirilib ki, “DIgSILENT” platforması vasitəsilə statik və dinamik enerji şəbəkəsi modelləri yaradılacaq və real əməliyyat ssenarilərinə uyğun test olunacaq. Paralel olaraq, 2040-cı ilə qədər elektrik enerjisi tələbatına dair uzunmüddətli proqnozlar “Plexos” simulyasiya platforması üzərindən həyata keçiriləcək.

“Yenilənən enerji mənbələrinin böyük həcmdə inteqrasiyasını dəstəkləmək üçün ölkədə iki batareya enerjisaxlanma sisteminin quraşdırılması planlaşdırılır. Ümumi gücü 250 meqavat (MW), saxlanma həcmi isə 500 meqavat-saat (MWh) olan bu sistemlər 2 qiqavatlıq bərpaolunan enerji gücünün şəbəkəyə sabit inteqrasiyasını təmin edəcək. Bu istiqamətdə tender artıq başa çatıb və quraşdırma işləri davam edir”, - deyə Muxtar Babayev əlavə edib.

M.Babayev vurğulayıb ki, “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü enerji sistemində çeviklik, dayanıqlıq və karbon emissiyasının azaldılması üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan bu təşəbbüsün məqsədləri ilə tam şəkildə uzlaşan uzunmüddətli enerji strategiyası həyata keçirir və yaşıl enerji keçidinin həm davamlı, həm də inklüziv olmasına çalışır.

Избранный
17
4
azertag.az

5Источники