Sabunçu Gənclər Evində Zəfərin 5 illiyinə həsr olunmuş Psixoloq, Pedaqoq və Təhsil İşçilərinin Təkmilləşdirilməsi Forumu yüksək iştirakçılıqla və peşəkar mühitdə baş tutdu. Forum Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi, Təhsil İşçilərinin Həmrəyliyi Alyansı və Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdı.
Tədbirin açılış hissəsində Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin direktoru Vüsalə Əmiraslanova çıxış edərək tədbirin məqsədləri, təhsil və psixoloji dəstək sahəsində əməkdaşlığın əhəmiyyəti, həmçinin bu platformanın önəmli bir peşəkar görüş nöqtəsi olduğunu vurğulayıb.
Daha sonra Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli çıxış edərək dövlətimizin təhsilə göstərdiyi yüksək diqqət və qayğıya toxunub, cənab Prezident İlham Əliyevin təhsilin inkişafı istiqamətində müəyyən etdiyi strateji xətti xüsusilə qeyd edib. O, müəllimlərin peşəkarlığının artırılması, psixoloji dəstək xidmətlərinin gücləndirilməsi və yeni təhsil modelinə keçid prosesində bu cür forumların vacibliyini vurğulayıb.
Forumda Milli Məclisin deputatı Ceyhun Məmmədov da çıxış edərək təhsil sahəsində həyata keçirilən dövlət siyasətindən, müəllim nüfuzunun qorunmasından və peşəkar inkişaf mühitinin formalaşdırılmasının zəruriliyindən danışıb. Deputat bu istiqamətdə ictimai təşəbbüsləri yüksək qiymətləndirib.
Tədbir spikerlərin müxtəlif mövzularda peşəkar təqdimatları, interaktiv sual-cavab sessiyaları və musiqi nömrələri ilə davam edib. Forum iştirakçılar üçün həm nəzəri, həm praktiki biliklərin paylaşılması baxımından mühüm platformaya çevrildi.
Sonda spikerlərə və iştirakçılara təşəkkürnamələr təqdim olunub, tədbir yaddaqalan şəkildə başa çatıb.





















