RU

Xalqımızın azadlıq ruhunun dirildiyi GÜN

Müasir Azərbaycan tarixində xalqımızın azadlıq ruhunun ölmədiyini 1988-ci il 17 noyabr tarixində Bakının Azadlıq meydanında başlanmış əzəmətli mitinq göstərdi.

Bu hadisədən düz 4 il sonra həmin tarix artıq müstəqilliyini bərpa etmiş ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı. Odur ki, müstəqilliyimizin bərpa prosesində 17 noyabr xüsusi yer tutur.

Həmin gün xalqımıza düşməncəsinə münasibət bəsləyən SSRİ Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və onun quldur dəstəsinin SSRİ və Azərbaycan Konstitusiyalarına, eləcə də beynəlxalq hüquq normalarına zidd alçaq fəaliyyətinə tutarlı cavab oldu və dövlət müstəqilliyinin bərqərar olmasının əsasını qoydu.

Əslində 1987-ci ilin sonlarından Mixail Qorbaçovun yolverilməz addımları nəticəsində ölkəmizin başı üstünü “qara buludlar” almışdı. Onun iqtisadiyyat məsələləri üzrə müşaviri Abel Aqanbekyan Moskvada erməni lobbisinin, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başladılan “Miatsum” hərəkatınn ən tanınmış nümayəndələrindən biri idi.

Məhz Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə erməni diasporunun onun şərəfinə təşkil etdiyi tədbirdə və Fransanın “L’Humanité” qəzetinə müsahibəsində Azərbaycanın əzəli və tarixi torpaqları olan Qarabağın Ermənistana verilməsindən danışmışdı. Onun “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana” açıqlaması ölkəmizin sovet imperiyasının işğalında olduğu bir dövrdə baş verdiyindən öncə Azərbaycan ictimaiyyəti tərəfindən çaşqınlıqla qarşılanmışdı.

Nə yaxşı ki, həmin dövrdəki cəsarətli siyasi icmalıçılarımız və bəzi ziyalılarımız o zaman yeganə televiziya olan Azərbaycan Televiziyasının efirindən Aqanbekyanın ağlasığmaz və qəbuledilməz fikrinə etirazlarını bildirdilər, “torpaqdan pay olmaz”, “yatmış aslanı oyatmayın” kimi mesajları Moskvaya ötürdülər. Siyasi icmalçılarımız və ziyalılarımız bu cür siyasətin ilk növbədə SSRİ-yə böyük zərbə vuracağını, xalqımızın erməni separatizmi ilə heç bir vaxt barışmayacağını deməklə Qorbaçov hakimiyyətinin “ağlını başına toplaması”nın zəruriliyinə diqqəti cəlb etdilər. Lakin sonrakı proseslər göstərdi ki, ermənilərin “marionetkası”na çevrilmiş Qorbaçov səbəb olduğu bu “düyünü” çözmək iqtidarında deyil. Sonradan bunu onun birbaşa göstəriş verdiyi 20 Yanvar qətliamı da göstərdi…

1988-ci ilin ilk günlərində isə Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün başlanması, Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna laqeyd münasibət nümayiş etdirməsi, erməni faşistləri tərəfindən Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlının öz ata-baba yurdlarından kütləvi surətdə qovulması, soydaşlarımızı qətlə yetirməsi, diri-diri yandırması, Xankəndidə erməni separatçılarının “miatsum” mitinqləri Bakıda sadəcə qeyri-mütəşəkkil etiraz aksiyalarının keçirilməsi ilə tamamlanırdı.

Amma Moskvanın ədalətsiz qərarları, erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi barədə xəbər xalqımızın səbrinin daşmasının “son damlası” oldu. Sovet rəhbərliyi və bütün dünya noyabrın 17-də mütəşəkkil şəkildə ayağa qalxan XALQ gördü. Meydan iştirakçıları artıq SSRİ hakimiyyətinə inanmadıqlarını və güvənmədiklərini birdəfəlik bəyan edərək respublikamızın sovet imperiyasından ayrılması tələbini irəli sürdü.

SSRİ-nin dağılmadığı vaxtda hər gün yüz minlərlə vətəndaşımızın Bakı küçələrinə çıxarılmış tankların, əsgərlərin arasından keçib, Azadlıq meydanına axışması əsl qəhrəmanlıq salnaməsinə çevrildi. Qorbaçovun vassalı Əbdürrəhman Vəzirovun etirazına baxmayaraq, Azərbaycan Televiziyasının yarım saat ərzində Azadlıq meydanındakə mitinqi canlı efirdən yayımlaması bütün respublika əhalisinin proseslərdən xəbər tutmasına, meydana toplaşanların sayının daha da artmasına gətirib çıxardı.

Mitinqdə isə insanlar sovet təbliğat maşınlarında deyilməyən həqiqətləri eşidirdilər. Vətənpərvərlik hissləri ilə aşıb-daşan oğul və qızlarımız noyabrın 19-da ilk dəfə Azadlıq meydanında 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dalğalandırdılar, demokratik cümhuriyyətimizin bolşevik Rusiyası tərəfindən işğal olunduğu, Rusiya və sovet imperiyalarının hər zaman anti-Azərbaycan və ermənipərəst siyasəti yürütdüyü, xalqımızın soyqırımlara və deportasiyalara məruz qaldığı kimi tarixi faktlara diqqəti cəlb etdilər.

Odur ki, sovet hərbçilərinin dinc mitinqçilərə hücum edib, meydanı zorla boşaltması Qorbaçovun qısamüddətli “qələbə”si oldu. Çünki xalqımız sovet təbliğatının “laylay”ından oyanmışdı və öz dirçəlişinə qovuşmuşdu. Bu hadisədən sonra xalqımızın azadlıq ruhu daha da yüksəldi və 1989-cu ildə Azərbaycan xalqı “İlin xalqı” adına layiq görüldü.

“İlin xalqı”nın Azadlıq meydanından başlayan milli azadlıq mübarizəsi cəmi 3 il sonra – 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, 32 il sonra – 2020-ci ilin noyabrında, məhz Milli Dirçəliş Gününə 7 gün qalmış parlaq Zəfərlə başa çatdı.

Əziz xalqımız, Milli Dirçəliş Günün mübarək olsun!

Xatirə SADİQ

Избранный
19
nocomment.az

1Источники