Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfər proqramı çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan və Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər.
Daha sonra VŞQ-nin Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev Şirkətlər Qrupunun nailiyyətləri, real göstəriciləri və gələcək planları ilə bağlı ətraflı təqdimatı qonaqların diqqətinə çatdırıb.
AİB prezidenti Masato Kanda səmimi qəbula görə təşəkkürünü bildirib və şirkətlə bağlı təqdimatdan razı qaldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirir: “Ölkədə yeni nəqliyyat dəhlizlərinin inkişafı, bərpa olunan enerji layihələrinin sürətləndirilməsi və iqtisadi diversifikasiya istiqamətində görülən işlər artım, ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır”. AİB rəhbəri əlavə edib ki, onlar Azərbaycanda fəaliyyət göstərən özəl sektorla da yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.
Logistik Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə qonaqlar üçün infotur təşkil edilib. Məhəmmədi Logistika Mərkəzin rəhbəri Anar Adilzadə AİB nümayəndə heyətinə geniş təqdimat verdikdən sonra tədbirdə iştirak edən yerli fermerlər Masato Kandaya VŞQ və ona daxil olan bizneslərlə səmərəli əməkdaşlıqdan məmnun olduqlarını ayrıca ifadə ediblər.
Tədbirin sonunda xatirə fotoları çəkdirilib və VŞQ-nin təsisçisi, baş icraçı direktoru Aydın Talıbov Masato Kandaya xüsusi hədiyyə təqdim edib.
Xatırladaq ki, Masato Kanda Azərbaycana etdiyi səfərlə bağlı yekun videohesabatında ölkəmizdə keçirdiyi mühüm görüşlərlə yanaşı, VŞQ ilə baş tutan təmasa da vurğu edib və bununla bağlı fotoları şəxsi sosial şəbəkə hesablarında paylaşıb.
Qeyd edək ki, 2024-cü ildə Asiya İnkişaf Bankı və Veysəloğlu Şirkətlər Qrupunun “Araz” supermarketlər şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon ABŞ dolları həcmində (10 milyon kredit, 0,5 milyon qrant) saziş imzalanıb.




