RU

17 Noyabr müasir siyasi düşüncəmizin formalaşdığı gündür- ÖZƏL

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Milli Dirçəliş Gününün bu gün Azərbaycan cəmiyyətində yaratdığı siyasi-mənəvi birlik nədən ibarətdir? 
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" 17 noyabr Milli Dirçəliş Günü Azərbaycanın müasir tarixinin ən önəmli günlərindən biridir. Faktiki olaraq, bu tarixi Milli Azadlıq Hərəkatının başlanma tarixi kimi də dəyərləndirmək olar. 1988-ci il 17 noyabr Azərbaycanda Milli Azadlıq Hərəkatının vüsət aldığı bir gün kimi tarixə düşdü. Bu gün Azərbaycan xalqını milli həmrəyliyə, milli özünüdərkə səfərbər etdi və müstəqillik, azadlıq, torpaqların müdafiəsi və ərazi bütövlüyü uğrunda mübarizənin yeni mərhələyə qədəm qoymasının əsasını qoydu. Azərbaycanda siyasi düşüncə həmin hadisələrdən ciddi şəkildə təsirləndi və bundan sonra Milli Azadlıq Hərəkatına idarə edən Azərbaycan Xalq Cəbhəsi yarandı. Ardınca müxtəlif siyasi təşkilatlar və partiyalar formalaşmağa başladı. 17 noyabrda başlanan bu proses bir müddət sonra öz nəticəsini verdi və Azərbaycan öz müstəqilliyini əldə etdi. Müstəqil Azərbaycan dövləti quruldu və bu gün ölkəmiz regionda mövqelərini möhkəmləndirmiş, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş bir vəziyyətdədir. Azərbaycan regionun aktiv aktorlarından biridir və artıq həm regional, həm də beynəlxalq məsələlərdə öz sözünü deyir. 17 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Bu tarix müasir siyasi düşüncə sistemimizin formalaşmasında, həmçinin milli birliyin təmin olunmasında olduqca mühüm rol oynayıb. O günkü hadisələr Azərbaycanda siyasi proseslərə və cəmiyyətin şüuruna ciddi təsir göstərərək sonrakı inkişaf istiqamətlərinə yön verib". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
46
olaylar.az

1Источники