RU

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2025) start verilib.

Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Daha sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov layihənin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirilib ki, "STEAM Azərbaycan" layihəsi 300 mindən çox şagird və 400-dən çox məktəbi əhatə edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur. Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir.

İqrar Nəzərov qeyd edib ki, bu festival yalnız müsabiqə deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində iştirak imkanı yaradan beynəlxalq platformadır.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda STEAM təhsilinin 5 il ərzində böyük inkişaf yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin təhsil sistemində genişlənməsi festivalın əhəmiyyətini daha da artırır.

STEAM təhsilinin əsas komponentlərinə toxunan Emin Əmrullayev qeyd edib ki, artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli tətbiq olunur. Nazir 2027–2030-cu illərdə STEAM-ın Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcəyini vurğulayıb.

Çıxışlardan sonra festivalın final mərhələsində yarışacaq komandaların təqdimatı və bədii hissə baş tutub.

Избранный
62
aznews.az

1Источники