2026-cı il Dünya Kubokuna biletlər azarkeşlərin ABŞ-a giriş vizaları alacaqlarına zəmanət verməyəcək.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dünya Kubokuna hazırlıqdan məsul olan hökumətin işçi qrupunun iclasında deyib.
Rubio biletin olmasının ABŞ konsulluq idarəsində viza müraciətlərini sürətləndirməyə kömək edəcəyini bildirib:
"Amma siz yenə də eyni yoxlamadan keçəcəksiniz. Biz ABŞ-a daxil olan hər kəslə eyni yoxlamanı aparacağıq. Bu ərizəçilərlə ABŞ vizası üçün müraciət edən digər xarici vətəndaşlar arasında yeganə fərq odur ki, biz sizi növbənin əvvəlinə qoyacağıq". Rubio Dünya Kubokunda iştirak etmək istəyənləri mümkün qədər tez ABŞ vizası üçün müraciət etməyə çağırıb. O, müsahibələrin müraciətdən "6-8 həftə" sonra keçiriləcəyini bildirib. Dövlət Katibi xəbərdarlıq edib ki, "son dəqiqəyə qədər gözləməyin".
Öz növbəsində, iclasa sədrlik edən prezident Donald Tramp ABŞ konsulluq işçilərinin Dünya Kubokuna səyahət etmək istəyənlərlə müsahibələrə üstünlük verəcəyinə əminlik verdi. Buna baxmayaraq, o, bu cür xarici vətəndaşları ABŞ vizası üçün "elə indi" müraciət etməyə çağırdı:
"Mən vəzifəyə gəlməzdən əvvəl ABŞ vizası almaq üçün çox vaxt bir il lazım olurdu. Lakin bu ABŞ administrasiyasının zəhməti sayəsində dünyanın 80 faizindən çoxu üçün viza gözləmə müddəti 60 günə və ya daha az müddətə endirilib".
O, həmçinin iddia edib ki, ekspertlər ABŞ-ın qarşıdan gələn Dünya Kubokuna ev sahibliyi etməklə 30 milyard dollardan çox qazanc əldə edəcəyini proqnozlaşdırırlar. Bundan əlavə, Tramp yenidən planlaşdırılan oyunları, onun fikrincə, hakimiyyətinin cinayətkarlıqla mübarizə və ictimai asayişi qorumaq üçün kifayət qədər iş görmədiyi Amerika şəhərlərindən başqa yerə keçirmək istəyini bildirib. Tramp Dünya Kuboku oyunlarına ev sahibliyi etmək hüququnu itirə biləcək şəhərlər arasında Vaşinqton ştatının Sietl şəhərini qeyd edib. O, belə bir inkişafın Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) etirazına səbəb olmayacağına əminliyini ifadə edib. Tədbirdə iştirak edən FIFA prezidenti Canni İnfantino məsələni ictimaiyyət qarşısında müzakirə etməkdən diplomatik şəkildə yayınıb: "Düşünürəm ki, təhlükəsizlik Dünya Kubokunun uğurlu keçirilməsi üçün bir nömrəli prioritetdir".
2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.
Musavat.com