RU

Ukraynaya qarşı “ikinci cəbhə” - korrupsiya tezliklə ram edilməsə...

Ekspertə görə, bu qalmaqalların kritik zamanda ortaya çıxması təsadüfi deyil

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) korrupsiya ilə bağlı açıqladığı hesabat Zelenski hakimiyyətini çətin vəziyyətə salıb. Musavat.com xəbər verir ki, Kiyevin mərkəzində prezidentin istefası tələbi ilə aksiyalar başlayıb. Aksiya iştirakçılarının plakatlarında “Zelenski - cinayətkar!”, “Prezident istefaya getsin!”, “Korrupsiyaya yox!” şüarları əks olunub.

Yada salaq ki, NABU-nun son hesabatında adıkeçən əsas şəxs biznesmen, “Kvartal 95" studiyasının sahibi kimi tanınan Timur Mindiçdir. Onu hələ 2019-cu ildən Zelenskinin "pul kisəsi" adlandırırlar. O, həmçinin hazırda Ukrayna Silahlı Qüvvələrinə pilotsuz təyyarələr və raketlərin ən böyük təchizatçılarından biri olan “FIre Point” şirkətində böyük paya sahibdir. Onun evindən çəkilən qızıldan unitaz fotosu dünya mediasında trenddir...

NABU 15 aylıq araşdırma zamanı min saatlıq söhbəti qeydə almağa müvəffəq olub və onlardan hələ bir neçəsi yayılıb. Zelenskiyə aid səs yazılarının olduğu da deyilir. Maraqlıdır ki, hesabat açıqlanmazdan bir gün əvvəl Mindiç ölkəni tərk edə bilib. Mindiçlə ABŞ Federal Təhqiqat Bürosu da maraqlanır, o, çirkli pulların yuyulmasında da şübhəli bilinir.

“The New York Times” yazıb ki, onun yaxın çevrəsinin istintaqı Zelenskinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə siyasi mövqeyinə təhlükə yaradır: “Zelenski Avropa liderlərinin ondan imtina etməyəcəklərinə əmindir, çünki o, hakimiyyətdə qaldığı müddətcə döyüşlərin dayanmayacağının qarantı kimi ona ehtiyac duyurlar. Avropa liderlərinə Ukraynada döyüşlərin davam etdirməsi lazım olduğundan, o, bunu təmin etmək üçün istədiyi hər şeyi edə bilər”.

Ukraynalı politoloq Konstantin Bondarenko Kiyevdə hakimiyyətin mümkün transformasiyası ilə bağlı fikirlərini bölüşüb. Politoloq deyib ki, Zelenski Fransa, Almaniya və Böyük Britaniyanın onun tərəfində olduğu müddətdə hakimiyyətinə təhlükə görmür: “O, Trampdan qorxmur. Amma burada ciddi şəkildə yanılır. Sanki anlamır ki, ABŞ prezidentləri dəyişə bilər. İndiki qalmaqal Kiyev hökumətini ciddi şəkildə sarsıdıb”.

Bəs korrupsiya qalmaqalı ordunun döyüş qabiliyyətinə neqativ təsir edə bilərmi? Rusiya kimi bir yırtıcı dövlətə qarşı müharibə aparan Ukrayna niyə bu problemdən qurtula bilmir? Biləcəkmi?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ukraynada korrupsiya qalmaqallarının indiki ən kritik bir zamanda ortaya çıxması böyük talesizlik olsa da, təsadüfi deyil: “Məlumdur ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi ilk günlərdən etibarən Ukraynanın torpaq güzəşti hesabına müharibəni bitirmək istəyirdi. Ukrayna Prezidenti Zelenski və onun avropalı müttəfiqləri isə bu təklifi qətiyyən yaxına buraxmırdı. ABŞ prezidentinin Zelenskiyə alternativ arayışları da bir fayda verməmişdi. Bir zamanlar Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olan və sonradan Böyük Britaniyaya səfir göndərilən Valeri Zalujnı müharibənin ən şiddətli dövründə bu dəyişikliyə razılıq verməmiş və beləcə, Ukraynada hakimiyyət ötürməsi baş tutmamışdı. Görünən bu idi ki, Zelenski hökuməti çətin sınaqla qarşılaşacaq və məcburi hakimiyyət dəyişikliyinə gediləcəkdi. Son zamanlar Rusiyanın Ukraynaya ardıcıl və şiddətli hücumları da intensivləşdi, nəticədə rəsmi Kiyev böyük problemlərlə üz-üzə qaldı. NABU-nun Zelenskinin ətrafında böyük korrupsiya şəbəkəsini ifşa etməsinin məhz belə bir zamanda gəlməsi vəziyyəti daha da tündləşdirir. Üstəlik, bunlar hələ başlanğıc ola bilər. Böyük ehtimalla, NABU daha ciddi ajiotaj yaradan faktlar da açıqlayacaq. Zənnimcə, bütün bu qalmaqallardan sonra Ukraynada hakimiyyət dəyişikliyi qaçılmaz olacaq”.

Heydər Oğuzun fikrincə, Zelenskiyə yaxın adamların adlarının korrupsiya qalmaqallarında hallandırılması Ukrayna savaşçılarının mənəviyyatına mənfi təsir göstərməsi ehtimal xaricində deyil: “Xüsusilə uzun müddət cəbhələrdə ağır döyüşlərə qatılan əsgərlərin bu insidentə laqeyd qalacağı inandırıcı görünmür. Onlar hər gün ölüm-dirim savaşlarına girir və xeyli sayda dostlarını itirdikləri bir zamanda liderlərinin korrupsiyaya bulaşması xəbərini adi hadisə kimi qarşılaya bilməzlər. Üstəlik, canlı qüvvənin çatışmadığı bir zamanda Ukraynadan çağırış yaşları tamam olan gənclərin Avropaya qaçması və Almaniya kansleri tərəfindən bunun açıq şəkildə dilə gətirilməsi, fərariliyi qınaması da Zelenski hökumətinə vurulan ağır zərbə kimi qiymətləndirilə bilər. Belə görünür ki, dünənə qədər Ukraynanı dəstəkləyən Qərb ölkələrinin bir çoxu, başda ABŞ və Almaniya olmaqla, Zelenskidən yaxa qurtarmağa çalışırlar. Bunun səbəbi təkcə Zelenskinin adının korrupsiya qalmaqalına bulaşması ilə də bağlı deyil. Zənnimcə, əsas məsələ Qərb ölkələrində son zamanlar getdikcə vüsət alan daxili hesablaşmalardır. Və bu hesablaşmalar köhnə nizamın dağılması prosesində önəmli rol oynayır. Əgər mən təxminlərimdə yanılmıramsa, gələn ildən etibarən Avropa İttifaqı ilə yerli hakimiyyətlər arasında da ciddi qarşıdurmalar yaşanacaq və bənzər prosesləri ABŞ-nin siyasi həyatında da görəcəyik. Qlobalistlərlə ulusalçıların kulminasiya nöqtəsinə çıxan ağır hesablaşmalar Qərb hegemoniyasının süqutunun başlanğıcı olacaq”.

Bununla belə, qlobal güc mərkəzlərinin böyük hesablaşmalarından Rusiyanın da qalib çıxacağına inanmayan siyasi şərhçinin fikrincə, yaxın gələcəkdə dünya nizamında xaotik durum yaşanacaq və bu durumdan faydalanan yeni qüvvələr ortaya çıxıb liderlik təşəbbüsünü ələ alacaqlar: “Yeni güc mərkəzləri arasında Türkiyə və Turk birliyi, ABŞ və Böyük Britaniya, Ərəb İttifaqı, bəzi Afrika dövlətləri və s. kimi qüvvələr də önəmli yer tutacaq. Hələlik isə köhnə nizamın dağılması prosesi gedir. Ukrayna-Rusiya savaşından sonra müharibə qığılcımının Şərqi Avropa ilə yanaşı, Sakit və Hind okeanına sıçraması gözlənilir. Böyük ehtimalla, ABŞ-nin da təhriki ilə Yaponiya, Çin, Cənubi Koreya, Filippinlər və s. kimi ölkələr də qarışacaq. Ümumiyyətlə, gələn ildən dünyanı çox ağır günlər gözləyir. Azərbaycan və Mərkəzi Asiya ölkələri ətrafımızda yaşananları diqqətlə izləməli və hər cür sürprizlərə açıq olmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Избранный
126
18
musavat.com

7Источники