Qazaxıstanın milli şirkəti “KazMunayGas” ABŞ sanksiyalarına məruz qalmış Rusiyanın “Lukoil” şirkətinin Qazaxıstandakı “Karaçaqanak” yatağı layihəsindəki payını satın almağı planlaşdırmır.
“APA-Economics” xəbər verir ki, bu barədə “TASS” “Qazmunayqaz”ın mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Müəyyən KİV-lərdə “KazMunayGas”ın Karachaganak layihəsində ‘Lukoil’in payını satın ala biləcəyi barədə məlumatlar dərc olunur. Bu məlumat həqiqəti əks etdirmir. Bununla belə, “KazMunayGas” tərəfdaşları ilə birlikdə “Karaçaqanak” layihəsinə sanksiya məhdudiyyətlərinin təsirini daimi və kompleks şəkildə təhlil edir”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.