Bakı Dövlət Universitetində Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış astronavtı Tuva Cihangir Ataseverlə görüş təşkil olunub. Rektor Elçin Babayev tələbələrin dünya miqyasında uğur qazanmış şəxslərlə görüşünün motivasiya baxımından böyük önəm daşıdığını bildirib və Ataseverin dəvəti qəbul etməsini universitet üçün əlamətdar hadisə adlandırıb.
QHT.az xəbər verir ki, görüşdə Türkiyənin kosmik proqramı, Ataseverin kosmik uçuş təcrübələri və mikroqravitasiya şəraitində apardığı elmi tədqiqatlar haqqında məlumat verilib. Astronavt kosmik missiya nəticələrinin gələcəkdə bir sıra tibbi sahələrə töhfə verə biləcəyini vurğulayıb və Azərbaycan-Türkiyə kosmik əməkdaşlığının əhəmiyyətini qeyd edib.
Sual-cavab formatında davam edən görüşdə Atasever tələbələrin suallarını cavablandırıb və onlara avtoqraflı şəkillər təqdim edib. Tədbirin sonunda BDU tərəfindən astronavta təşəkkürnamə verilib.