RU

Zelenski Azərbaycan qazını gözləyir - Rusiya əngəl olacaq?

Hasilatda artım sürəti zəifləyib, daxili tələbat da artır, lakin çarə var...

“Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş görür”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkənin soyuq qış aylarında qazla tam təmin olunmsı üçün bütün addımlar atılır: “Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”.

Zelenski bildirib ki, Kiyev Yunanıstanla qış dövrü üçün əlavə təbii qaz idxal marşrutu təşkil edilməsi barədə razılıq əldə edib: “Yunanıstanla Ukrayna üçün qazla bağlı razılaşma hazırladıq. Ukrayna hasilatındakı itkiləri kompensasiya etmək üçün təxminən 2 milyard avroluq qaz idxal ehtiyacını qarşılayacayıq”.

Zelenski qeyd edib ki, idxal üçün vəsaitlər Ukrayna hökuməti tərəfindən, Avropa tərəfdaşlarının və Avropa Komissiyasının zəmanəti ilə fəaliyyət göstərən bankların, həmçinin Ukrayna və Norveçin maliyyə qurumlarının iştirakı ilə yönləndirilir.

“Proto Thema” qəzetinin məlumatına görə, Yunanıstanın DEPA Trading və Ukraynanın Naftogaz şirkətləri arasında 2025-ci ilin dekabrından 2026-cı ilin martına qədər Ukraynaya Amerika mayeləşdirilmiş təbii qazının tədarükü ilə bağlı niyyət memorandumunun imzalanması regional və Avropa enerji təhlükəsizliyinə və dayanıqlığına mühüm töhfə olacaq və həmçinin çətin qış dövründə Ukraynaya dəstək olacaq". Nəşr qeyd edir ki, “Yunanıstan hökumət mənbələrinə görə, Yunanıstanın enerji infrastrukturu Şaquli Dəhliz vasitəsilə təbii qazın sabit tədarükünü təmin edir”.

Qeyd edək ki, Ukraynanın Azərbaycandan qaz alması məsələsi Rusiya qazının ölkə üzərindən tranzit nəqli tamamilə dayandırılandan etibarən davamlı gündəmə gətirilib. Ukrayna Azərbaycan qazını almaqla yanaşı, onu öz ərazisindən Avropaya nəql etməkdə də maraqlı olduğunu dəfələrlə bəyan edib. Bu ilin iyulunda məlum olub ki, Ukraynanın “Naftogaz” Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb. Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.

"Naftogaz"ın baş direktoru Sergey Koretski sövdələşməni belə şərh edib: “Bu, həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir. Göstərdikləri etimada görə Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik”.

Zərbələrin

Rusiya bu əməkdaşlıqdan narahatlığını avqustun 6-da Azərbaycan qazını Ukraynaya çatdıran infrastruktura zərbə endirməklə nümayiş etdirib. Ukrayna tərəfinin verdiyi məlumata görə, gecə saatlarında Rusiya qaz infrastrukturu obyektinə - Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib. Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə edilirdi.

ABŞ-dən LNG və Azərbaycan qazının sınaq həcmləri bu yolla təchiz olunurdu. Avqustun 7-də zərbə endirilən stansiyadan Ukraynaya qaz nəqli bərpa olunub. Lakin sentyabrın 11-də bu istiqamətdən Ukraynaya qaz idxalı tam dayandırılıb. Buna ABŞ və Azərbaycanla pilot razılaşmaların başa çatması səbəb olub. Belə ki, avqustun 18-də Ukraynanın energetika naziri Svitlana Qrinçuk bildirib ki, Azərbaycanla kiçik həcmli alışı nəzərdə pilot müqavilə başa çatıb və Kiyev artıq Trans-Balkan dəhlizi vasitəsilə Azərbaycan qazının tədarükünün davam etdirilməsi üçün Bakı ilə danışıqlar aparır: “Hazırda danışıqlar aparırıq. Azərbaycan maraqlıdır. Müqavilə imzalanarsa, davam etdirəcəyik”. Yeni müqavilələr qaz tədarükünün 2026-cı ildən yenidən başlanmasını ehtiva etməlidir.

Zelenskinin açıqlamasından aydın olur ki, artıq iki ölkə arasında müzakirələrdə müəyyən nəticələr əldə olunub.

Qeyd edək ki, TransBalkan kəməri ilə Ukraynaya qaz tədarükü çoxsaylı ölkələrin ərazisindən keçdiyi və tranzit haqqı yüksək olduğuna görə  Kiyev üçün iqtisadi baxımdan rentabelli deyildi. Lakin oktyabrın sonlardan nəql sistemi ərazisindən keçən ölkələr Ukraynaya dəstək üçün tranzit haqqını 50 faiz azağı salmaq barədə qərar qəbul etdilər. Məlumatı Moldova Milli Enerji Tənzimləmə Agentliyi açıqlayıb. Bildirilir ki, Moldova 2025-2026-cı il istilik mövsümü üçün Ukraynaya qaz tranziti tarifini yarıya endirmək qərarına gəlib.

Volodimir

Rusiya Ukraynanın qaz idxalı imkanlarını tam məhv etmək istiqamətində hücumlarını dayandırmır. Belə ki, noyabrın 16-sı gecəsi Odessanın İzmail limanında olan Türkiyəyə məxsus maye qaz daşıyan tankerə dron hücumu təşkil edilib. Dron zərbəsi tankerdə yanğına səbəb olub. İçərisində 400 min ton qaz kondensatı olan tankerdə partlayış təhlükəsi yaranıb, Rumıniya ərazisində İzmailə yaxın yaşayış məntəqəsindən əhali evakuasiya olunub. Bu, Rusiyanın Ukrayna əhalisini soyuq qış aylarında istiliksiz qoymaq siyasətinin bir hissəsidir. Vladimir Putin mülki insanları soyuqdan məhv etmək üçün hətta Türkiyəyə məxsus tankeri vurmaqdan belə çəkinmir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiya TransBalkan kəməri ilə Ukraynaya qaz çatdırılan infrastrukturu da hədəf almaqdan çəkinmir. Lakin Ukraynanın müttəfiqləri, eyni zamanda Rusiyanın işğalçı siyasətinə qarşı çıxan ölkələr bu qış Ukrayna əhalisinə maksimum kömək etmək niyyətində qətidirlər. Avropa ölkələri sentyabrdan bəri Rusiyanın dağıtdığı Ukrayna enerji infrastrukturunun bərpası üçün 1 milyard dollara yaxın vəsait ayırıblar.

Azərbaycana gəlincə, rəsmi Bakı Ukraynaya hər zaman dəstəyini əsirgəməyib. Hətta Rusiya ilə münasibətlər yüksək səviyyədə olduğu dövrdə də Bakıdan Ukraynaya elektrik generatorları da daxil olmaqla, yardım dolu maşınlar müntəzəm olaraq yola salınıb. Bu baxımdan, Azərbaycanın Rusiyaya həm öz qazını, həm də SOCAR-ın törəmə şirkəti vasitəsilə digər ölkələrdən aldığı qazı Ukraynaya sata bilər. Doğrudur, bu ilin yayından Suriyaya da ildə 2 milyard kubmetr qaz satmaq öhdəliyi götürən Azərbaycanın Ukraynaya qaz ixracı imkanları elə də böyük deyil. Hasilatda artım sürəti zəifləyib, daxili tələbat da artır. Lakin Gürcüstanın Azərbaycandan qaz alışını azaltması fonunda Ukraynaya bir neçə yüz milyon kubmetr də olsa qaz nəqli imkanı yaranır.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 42 milyard 128,4 milyon kubmetr təbii qaz hasil edilib. Bunun 32 milyard 263,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Beləliklə, hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1,2  faiz, əmtəəlik qaz hasilatı isə 1,7  faiz artıb. Ötən ilin eyni dövründə əmtəəlik qaz hasilatında 6,8 faiz artım qeydə alınmışdı.

Hasilatdakı cüzi artım fonunda daxili istehlakın sürətlənməsi ixraca yönəldilən həcmlərin azalmasına gətirib çıxarıb. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata görə, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan xarici ölkələrə 20 milyard 648 milyon 829,71 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 7 milyard 417 milyon 792,98 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 3,2  faiz az, dəyəri isə 8,3  faiz çoxdur.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Избранный
20
musavat.com

1Источники