RU

3 milyard ildən çox yaşı olan qayalarda həyat izləri tapılıb

Alimlər 3,3 milyard ildən çox yaşı olan qayalarda həyatın kimyəvi sübutlarını tapıblar ki, bu da Yer kürəsində həyatın başlanğıcının yeni, daha qədim tarixini göstərir.

Oxumənı.az-ın məlumatına görə, bu barədə “Interesting Engineering” xəbər verir.

Yeni tədqiqat həmçinin oksigen yaradan fotosintezin başlanğıcını təxminən bir milyard il geri çəkən molekulyar sübutlar təqdim edib.

ABŞ-dakı Kargeghei Elm İnstitutunun rəhbərlik etdiyi beynəlxalq qrup qabaqcıl kimyəvi analizi süni intellektlə birləşdirən yeni bir yanaşmadan istifadə edib.

"Qədim qayalar bizə Yer kürəsindəki həyatın hekayəsini danışan maraqlı sirlərlə doludur, lakin həmişə bir neçə itkin hissə olur. Kimyəvi analiz və maşın öyrənməsinin birləşməsi əvvəllər görünməmiş qədim həyat haqqında bioloji ipuclarını ortaya çıxarıb", - deyə Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri kafedrasının dosenti Keti Maloni qeyd edib. Nəşrdə vurğulanır ki, Yer kürəsinin ən qədim qayaları həyatın ən erkən formaları haqqında ipucları verə bilər. Lakin, bu qədim süxurlarda orijinal molekulyar izləri tapmaq olduqca çətindir, çünki kövrək qalıqlar və ya bioimzalar milyardlarla illik geoloji qüvvələr tərəfindən əzilib, qızdırılıb və məhv edilib.

Lakin, yeni bir araşdırma bu problemi həll edir və orijinal biomolekullar yoxa çıxdıqda belə, qalan fraqmentlərin erkən biosfer haqqında diaqnostik məlumatları saxlaya biləcəyini irəli sürür.

"Bu incə qalıqları aşkar etmək üçün tədqiqat qrupu qədim canlı orqanizmlərin geridə qoyduğu incə molekulyar "barmaq izlərini" tanımaq üçün maşın öyrənməsindən istifadə edərək süni intellekt sistemi hazırladı. Alimlər müasir bitkilər, milyard illik fosillər və meteoritlər də daxil olmaqla 400-dən çox nümunəni təhlil etdilər", - deyə “Interesting Engineering” əlavə edib. Beləliklə, kimyəvi analiz üzvi və qeyri-üzvi materialları molekulyar fraqmentlərə ayıra bildi və süni intellektə həyatın mövcudluğunu göstərən kimyəvi nümunələri öyrənməyə imkan verdi. Model bioloji və qeyri-bioloji materialları 90%-dən çox dəqiqliklə uğurla fərqləndirdi.

Bu yeni metoddan istifadə edərək, alimlər 3,3 milyard ildən çox yaşı olan süxurlarda həyat izlərini, eləcə də ən azı 2,5 milyard yaşı olan süxurlarda oksigen istehsal edən fotosintez əlamətlərini aşkar ediblər.

"Qədim həyat təkcə fosilləri deyil, həm də kimyəvi əks-sədaları da buraxır. Maşın öyrənməsindən istifadə edərək, indi bu əks-sədaları ilk dəfə etibarlı şəkildə şərh edə bilərik", - deyə Karnegi Universitetinin baş elmi işçisi və məqalənin həmmüəllifi Dr. Robert Heyzen vurğulayıb.

Eyni zamanda, süni intellektə əsaslanan kimyəvi analiz yalnız Yerlə məhdudlaşmır.

"Bu innovativ texnika bizə dərin zamanların fosil qeydlərini yenidən şərh etməyə kömək edir. Bu, digər planetlərdə həyat axtarışına kömək edə bilər", - deyə Maloni əlavə edib.

Almaz Həsənli

Избранный
72
oxumeni.az

1Источники