RU

“Bağban, məni yaralama” - ürəkləri fəth edən şairimiz 86 yaşa çatdı...


Şərafət Dağıstanlı: “Anar müəllim kitabımı geri itələyib, “mən hökumət deyiləm” dedi...”

1939-cu ilin 22 aprelində - bir bahar günündə Dağıstanın Rutul rayonunun dağlar qoynunda yerləşən Cilxor kəndində anadan olub tanınmış şairə, jurnalist Şərafət Dağıstanlı. Bu imza poeziyamızda çox populyardır, sözlərinə 75-dən çox mahnı yazılıb.

“Bağban, məni yaralama”, “Ana Kürüm”, “Sən sən”, “Azərbaycan bayrağı”, “Bakı-Ceyhan neft kəməri”, “Zərifə xanım, Zərifə”, “Xəbər al məni” kimi şeirlərinə bəstələnən mahnılar bu gün də dillər əzbəridir. Keçən əsrin 50-ci illərindən imzası dövri mətbuatda tanınıb, şairələr arasında sayılıb, seçilib.

“Prezident təqaüdü ala bilsəydim, heç olmasa kitablarımı çap etdirərdim”

86 yaşlı şairə Şərafət Dağıstanlı “Bakı-Xəbər”ə müsahibəsində həm ömrünün keçən anlarından, həm hazırda məhkum olduğu çətin həyat şəraitindən, acınacaqlı günlərindən danışdı.

- Həyat şəraitim çox ağırdır, çətinliklərim hədsiz dərəcədə çoxdur. Evim yoxdur, qızım və nəvəmlə bir yerdə çətin şəraitdə yaşayıram. Qızım Günay Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib, hələ də işsizdir. Halbuki, 24 ölkədə işləmək hüququ var. İşi-gücü yoxdur, uşağı ilə məşğuldur.

Keçən əsrin 50-ci illərindən qələmimlə dövlətə, ədəbiyyata xidmət edirəm, təəssüf ki, məni nəzərə alan yoxdur. Heç kəs mənimlə maraqlanmır. 75-dən çox mahnının mətn müəllifiyəm, o mahnıları tanınmış müğənnilər, xanəndələr ifa edir, dünyanın bir çox ölkələrində səsləndiriblər.

1965-ci ildən bəri sözlərimə yazılmış mahnıları görkəmli xanındələr - Xan Şuşinski, Əbülfət Əliyev, Arif Babayev və başqaları oxuyub. Müasir xanəndələr də mahnı və təsniflərimi oxuyurlar, amma bir qəpik də olsun qonorar ala bimirəm. Bəstəkarlar mənim şeirlərimə özümdən xəbərsiz mahnı bəstələyiblər. Vətən müharibəsində qələbənin əldə olunmasının beşilliyi münasibətilə keçirilən hərbi paradda “Şuşa bəyannaməsi” şeirimə yazılmış mahnının klipi göstərildi. Mahnını Fərhad Hüseynov bəstələyib.

- Vəziyyətizlə bağlı Azərbaycan Yazıçılar Birliyinə müraciət etmisinizmi?

“Bağban, məni yaralama” kitabımı götürüb Anar müəllimin yanına getdim. İki dəfə qəbulunda oldum, dedim ki, məndən çox Prezidentimiz haqqında şeir yazan yoxdur, kömək edin, Prezidentə yazdığım şeirləri, poemaları kitab şəkilində çap etdirim. Anar müəllim kitabımı geri itələyib, “mən hökumət deyiləm” dedi...

Mənim 50 min şeirim var, aralarında çap olunanlar da olunmayanlar da var. Birinci Qarabağ müharibəsindən indiyə qədər qazilərimiz, şəhidlərimiz haqda şeirlər yazmışam, heç olmasa onların kitab şəklində çapına köməklik göstərəydilər. Amma təəssüf ki, Yazıçılar Birliyindən heç bir dəstək görmürəm. Mirzə İbrahimovun dövründən Yazıçılar Birliyinin üzvüyəm.

Aldığım təqaüdlə dolana bilmirəm, məni narahat edən özümün vəziyyətim deyil, əlyazmalarımın gələcək taleyidir. Prezident təqaüdü ala bilsəydim, heç olmasa kitablarımı çap etdirərdim. Bu gün-sabah torpağa gedəcəyəm, əlyazmalarımın axırı nə olacaq, bilmirəm... Fəxri adım yoxdur, Xalq şairi adı verilmədi, heç olmasa bu yaşımda Prezident təqaüdü ala bilsəydim yaxşı olardı. Yaradıcılığım haqqında tanınmış alimlər, professorlar yazıb.

- Bir dəfə dediniz ki, şeirləriniz plagiatlığa məruz qalır, kimlərsə şeirlərinizi oğurlayıb öz adlarına çap edir...

- Şeirlərimi oğurlayıb öz adlarına çap edənlər içində şair kimi tanınan və tanınmayan qadınlar var. Şeirlərimi o-bu oğurlayır. Təsəvvür edin ki, şeirlərimi oğurlayanlardan biri hətta evdar qadındır, amma şeirlərimi götürüb kitab edib. Pəri adlı o qadınla bir kanalda tanış olduq, bizə gəldi, gecə qaldı və ondan sonra tez-tez gəlməyə başladı, nəticədə də şeirlərimi oğurladı. Yəni belə insanlar çoxdur. Çox təəssüf ki, belədir. Çarəsizəm.

- Siz eyni zamanda jurnalistika ilə də məşğul olmusunuz. Əsasən harada işləmisiniz?

- “Azərbaycan qadını” jurnalında fəaliyyət göstərmişəm, Dövlət Televiziya və Radio Komitəsində zona müxbiri olmuşam, Cəfər Cabbarlı adına kinostudiyada işləmişəm, yazılarım və şeirlərim dövri mətbuatda dərc olunub. Ədəbiyyatla paralel olaraq jurnalistika ilə də məşğul olmuşam.

- Ədəbi ictimaiyyətdə necə tanındınız?

- 1961-ci ildə xalq şairi Səməd Vurğunun heykəlinin açılışı idi. Açılışda bir çox görkəmli şairlər, yazıçılar iştirak edirdi. Osman Sarıvəlli, Süleyman Rüstəm və başqalarının iştirak etdiyi tədbirdə Səməd Vurğunun heykəlinin açılışına həsr etdiyim şeiri oxudum. Şeirimi çox bəyəndilər və alqışladılar. Unudulmaz anlar idi.

Mən respublikamızda təşkil olunan tədbirlərlə yanaşı, Asiya, Afrika və Latın Amerikası Konqresində də iştirak etmişəm. Bu Konqresdə görkəmli türk yazıçı və şairləri Orxan Kamalla, Əziz Nesinlə, Nazim Hikmətlə, Çingiz Aytmatovla, Mixail Şoloxovla, Rəsul Həmzətovla, Yuri Ritxeo ilə tanış olmuşam, onlar mənim yaradıcılığıma çox böyük qiymət veriblər. Moskvada olanda Rəsul Həmzətov məni Nazim Hikmətlə tanış etdi. Nazim Hikmət mənim təxəllüsümlə maraqlandı, dedi ki, nə üçün Dağıstanlı təxəllüsünü götürmüsünüz? Bir də soruşdu ki, hansı dildə yazırsan? O vaxt türk sözü işlətmək qadağan idi.

Mən ona Dağıstanda doğulduğumu desəm də, təəssüf ki, əslən Osmanlı türkü olduğumu, babamın Osmanlı ordusunun minbaşısı olduğunu deyə bilmədim.

Babam İdris İstanbulun Haydarpaşa məhəlləsindən olub, Osmanlı ordusunda minbaşı rütbəsi alıb, onun paltarlarını görmüşəm, evimizdə idi. O, 1905-ci ildə qardaşı ilə birlikdə kömək məqsədilə Bakıya gəlib, həmin dövrdə ermənilər Bakıda azərbaycanlılara qarşı böyük qırğın törətmişdi. Həmin vaxt qardaşını daşnaklar öldürüblər. Babam da qardaşının ölümündən çox pis olub və deyib ki, mən nə üzlə geri qayıda bilərəm, Türkiyəyə qayıtmayıb Dərbəndə gəlib. Orada nənəmlə evlənib, atam, əmilərim dünyaya gəlib. Atam və iki əmim 1941-ci ildə müharibəyə gedib, atamla Tahir əmim həlak olub, Lətif əmim sağ qalıb, o general idi. Stalin Lətif əmimi Qərbi Ukraynaya göndərib, onu Ukraynanın dağıdılmış şəhərlərinə komendant qoyub. Əmimi də benderlər öldürüb.

- Uşaqlığınız necə keçdi?

- Atam Əbdülcəmilin üzünü görmədim, onu məndən müharibə aldı. 1945-ci ildə anam Tamam Samur çayında həlak oldu.

Yaxşı yadımdadır, 5 yaşım vardı, yaylağa getmişdik, anam yaylaqda iki küp qızıl basdırdı, kənddə də qızılımız vardı. Payızda yaylaqdan evə gəldik, o biri ilin yazında anam suda batıb həlak oldu. 6 yaşımda hər iki valideynim yanımda yox idi. Leyla adlı gözəl bir bacım, iki qardaşım vardı, bacımın yoldaşı Sovet İttifaqı Qəhrəmanı idi. Anam öləndən sonra məni və iki qardaşımı 1950-ci ildə Qaxda yaşayan qohumlarımız gəlib Qaxa apardı. Yazçı Xalidə Hasilovanı tanımamış olmazsınız. Xalidə xanım dedi ki, bu qız başdan-ayağa istedaddır, onu Bakıya aparacağam. O böyük bir nəslin qızı idi. Anamın xalası qızı ilə yaxın rəfiqə idilər.Xalidə xanımın köməkliyi ilə Bakıya gəldim. 1950-ci ildən Bakıdayam, dövlətə xidmət edirəm. Səməd Vurğun da Kazım dayımla çox yaxın dost idi. Dayım o vaxt Qaxda “voyenkom” işləyirdi. Səməd Vurğun da Qaxa ova gəlirdi, balaca uşaq idim. Səməd Vurğun dayıma dedi ki, bu uşağın gözlərində atəş yanır, bunu qoru. Neçə dəfələrlə başıma sığal çəkmişdi böyük şairimiz...Sonra da tale elə gətirdi ki, Səməd Vurğunun heykəlinin açılışında çıxış etməli oldum. Həyat yoldaşı Xavər xanım da anamın yaxın qohumu idi...

Yəni uşaqlığım, gəncliyim belə keçdi. Gözəl insanlar gördüm, onların qayğısını hiss etdim. “Azərbaycan qadını” jurnalında işləyərkən akademik Zərifə xanım Əliyeva ilə yaxından tanış olduq. Gülarə Əliyeva, Zəhra Quliyeva kimi gözəl insanlarla ünsiyyətim, münasibətim olub. Onlar “Azərbaycan qadını”nda tez-tez iclaslar keçirirdilər. Mənim Zərifə xanıma yazdığım “Zərifə xanım, Zərifə” şeirinə bəstəkar Nəriman Məmmədov gözəl mahnı bəstələdi. Bu mahnını Ülviyyə Rəhimova oxudu və fəxri ad aldı. Cəmi bircə dəfə oxudu. Nəriman Məmmədov dedi ki, mən həyatda oldum-olmadım bu mahnı səslənməlidir. İstəyirəm, o mahnını başqa müğənnilər də oxusun. O mahnı əlimdə yoxdur ki, onu başqa müğənniyə də verim oxusun. Zərifə xanımla ana-bacı kimi olmuşuq. Çox gözəl xatirələrimiz var. Zərifə xanım haqda xatirələrim “Tarixi şəxsiyyətlər” jurnalında çap olunacaq. Zərifə xanım məni aparıb anası Leyla xanımla tanış etmişdi. Çox səmimi, mərhəmətli, gözəl bir xanım idi...

İradə SARIYEVA

Избранный
32
baki-xeber.com

1Источники