RU

Bu avtomobil hissələri bahalaşıb -

Bəzi avtomobil ehtiyat hissələrinin qiymətində artım müşahidə olunur. Bəs hansı hissələr bahalaşıb və qiymətdə nə qədər artım olub? Avtomobil ustası Əli Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, son 6-9 ay ərzində ehtiyat hissələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Onun sözlərinə görə, xüsusilə yeni ehtiyat hissələrinin qiyməti təxminən 35–40%, ikinci əl hissələrin qiyməti isə 20% civarında bahalaşıb: “Bu artım daha çox avtomobilin hərəkətli hissələrində – amortizatorlarda, əyləc bəndlərində, akkumulyatorlarda, həmçinin mühərrik yağları və filtrlərdə özünü göstərir. Qiymət artımına təsir edən əsas amillər loqistika və gömrük məsələləridir. Tələbatın çoxalması səbəbindən ehtiyat hissələrinin çatdırılması gecikir, loqistika xərcləri artır və bu da məhsulun maya dəyərinə birbaşa təsir edir. Maya dəyəri artdıqca, qiymətlər də avtomatik qalxır. Gömrük rüsumlarının yüksəlməsi də bahalaşmanın digər əsas səbəbidir. Xüsusilə bahalı avtomobillər üçün gətirilən ehtiyat hissələrinin gömrük dəyəri yüksək olduğundan, onların satış qiyməti də artır”. Ə.Əliyev qeyd edib ki, ikinci əl ehtiyat hissələri əsasən Dubay və Avropadan gətirildiyinə görə, dollar kursundakı dəyişikliklər də qiymətlərə təsir göstərir: “Bahalaşan detallar sırasında avtomobilin xarici görünüşünə aid hissələr – bufer, şüşə, qapı və s. üstünlük təşkil edir. Bu detalların konteynerlə gətirilməsi zamanı böyük həcm tutması karqo xərclərini artırır. Məsələn, bir fara 50 manata alınırsa, yalnız yol pulu 25 manat təşkil edə bilər. Üstəlik gömrük rüsumu da əlavə olunduqda qiymət ikiqat artmış olur. Tələbat çoxaldıqda karqo şirkətləri də çatdırılma prosesində çətinlik yaşayır. Konteyner çatışmazlığı və daşınmalarda yaranan növbə loqistika xərclərini yüksəldir və bu da nəticədə qiymətlərin artmasına səbəb olur. Ən çox bahalaşan məhsullar arasında mühərrik yağları da var. Çünki bu yağlar xaricdə istehsal olunur və dollarla alındığı üçün qiymətə birbaşa təsir edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
36
5
metbuat.az

5Источники