RU

"Təhsilin keyfiyyətini yalnız tələbə sayına bağlamaq doğru yanaşma olmaz"

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, 2011-ci ildə ölkəmizdə adambaşına maliyyələşmə sisteminə keçid olsa da, amma vəsaitin artım sürəti təmin edilməyib. O, qeyd edib ki, tələbə sayını artırmaqla müəllim maaşları üçün vəsait təmin olunub, lakin keyfiyyət kölgədə qalıb. Nazir bildirib ki, bBuna görə gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə qəbul azaldılacaq. Nəticədə hər tələbəyə düşən xərclər artacaq, məqsəd isə keyfiyyətin yüksəldilməsidir.

Bəs qəbul sayının azalması ali təhsildə keyfiyyəti avtomatik artırırmı? Bu istiqamətdə paralel hansı mexanizmlər tətbiq edilməlidir?

Ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, ilk növbədə, Emin Əmrullayevin verdiyi bəyanat çox aktualdır.

"Onun tələbə sayının azaldılması məsələsinə yanaşması təhsilin keyfiyyəti ilə əlaqələndirilirsə də, əslində konkret olaraq hansı səviyyədə tələbə sayının azaldılacağı hələ də bəlli deyil. Bakalavr, magistratura, yoxsa doktorantura səviyyələrindəmi bu dəyişikliklər olacaq? Bu məsələ həqiqətən də açıq qalır və bunun təhsil siyasətinin hansı aspektlərinə yönəldiyi ətraflı şəkildə izah edilməlidir. Hər halda, əgər bu, keyfiyyətin artırılması ilə bağlıdırsa, tələbə sayının müəyyən bir səviyyədə məhdudlaşdırılması nəzərdə tutulursa, o zaman təhsil proqramlarının məzmunu və forması da yenilənməlidir. Tədqiqat universitetlərinin yaradılması ideyası çox mühüm və perspektivli bir addımdır. Bu üç universitetin, xüsusilə Bakı Dövlət, Neft və Sənaye, və Texniki Universitetlərinin tədqiqat universitetlərinə çevrilməsi, Azərbaycan təhsil sistemində ciddi bir dönüşümə səbəb ola bilər. Dünyada bu cür universitetlərdə tələbə sayının daha çox magistratura və doktorantura səviyyələrində olduğu nəzərə alınarsa, bu, akademik mühitin inkişafı üçün çox vacibdir. Bu, təhsil sisteminə keçid, həm də təhsilin keyfiyyətini artırmağa və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə töhfə verə bilər".

Mütəxəssis hesab edir ki, təhsilin keyfiyyətini yalnız tələbə sayına bağlamaq doğru yanaşma olmaz.

"Əsas məsələ təhsil proqramlarının müasir çağdaş tələblərə cavab verib-verməməsidir. Əmək bazarının ehtiyaclarına uyğun olan, tələb olunan sahələrdə təhsil verən proqramlar inkişaf etdirilməlidir. Bu proqramların həm də beynəlxalq standartlara uyğun olması çox vacibdir. Təhsildə keyfiyyətin təmin edilməsi üçün yalnız proqramların yaxşılaşdırılması deyil, həm də universitetlərin müstəqil qərar verməsi və təhsil proqramlarının Keyfiyyət Təminatı Agentliyindən keçərək akkreditasiyasının alınması əhəmiyyətlidir. Belə bir yanaşma təhsil proqramlarının daha rəqabətə davamlı olmasına və tələbələrin daha mükəmməl təhsil almasına səbəb ola bilər. Dövlətin müəyyən ixtisasları və fənləri nəzarət altına alması, digər sahələrdə isə universitetlərin müstəqil şəkildə fəaliyyət göstərməsi yaxşı balans yaradaraq təhsil sisteminin inkişafını təmin edər", - deyə Vüsal Kərimli vurğuladı.

Xədicə BAXIŞLI

Избранный
39
redaktor.az

1Источники