RU

Məşhur psixoloq qadın qətllərindən danışdı: “Ərinə xəyanət etdiyi üçün...” 

“Qadın qətlləri sosial şəbəkə və seriallarda göstərilməsə belə, biz bunu ətrafımızda görə bilirik”.


Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, yaradılışın bir parçası olan bir hadisəni görəndə ondan təsirləniriksə, deməli, bizdə onun “ocağı” var:


“Bu, “zəlzələ olmasaydı, evim uçmayacaqdı” məsəlinə bənzəyir. Amma günah fundamentin sağlam olmaması ilə bağlıdır, yoxsa təbii fəlakətlə? Əsas sual budur və hər zəlzələ bir xəbərdarlıqdır. Yəni hansısa filmdə qadına şiddət və ya qadın qətli göstərildiyi üçün bunu təkrarlayırıqsa, kitabdan oxuduğumuz cümlə əsasında da bu addımı atarıq.


Çünki beyin həmişə məntiqi əlaqələndirmələr etmir. Hətta bıçaq və ya yerdə qoyun başı görsək də, bunu qətllə əlaqələndirə bilərik. Onda heyvan kəsimi məntəqələrini bu qədər ictimai etməsinlər? Əslində bu tip məsələlərdə günahkar axtarmalı deyilik. Həmçinin, bunu normallaşdırmağı doğru hesab etməməliyik”. 


Həmsöhbətimiz seriallarda qadına şiddət və qadın qətlləri səhnələri barəsində də danışıb:


“Bəzən seriallarda qadın ərinə cavab qaytardığı və ya xəyanət etdiyi üçün ağzının üzərinə sillə vurulur, başı kəsilib atasının evinə göndərilir. Guya qadının layiq olduğu davranışın bu olduğu göstərilir. Bəzi şəxslər də həmin davranışı normallaşdırmaq üçün bu tip səhnələrin çəkildiyini düşünür. Əslində isə ictimai qınaqla o tip kadrları və filmlərin nümayişini dayandırmalıyıq.

Amma bir filmdə qadın qətlinin olmasını cəmiyyətdə qadın qətllərinin sayının artması ilə əlaqələndirilməyi doğru hesab etmirəm. Çünki bunu filmdə görməsək də, qonşuda görəcəyik. Fərqi nədir? Onda qonşunu ölkədən çıxarmaq lazımdır? Ümumiyyətlə, biz gördüyümüz və ya eşitdiyimiz hadisədən təsirlənib nə isə ediriksə, bu və ya digər şəkildə hər şeyi edə bilərik”. 

Əfsanə Rüstəmova vurğulayıb ki, önəmli olan ruhumuzu bizə layiq olmayan dəyərlərdən təsirlənməyəcək səviyyəyə gətirməkdir: 

“Yəni biz qorxmuzun sabit vaxtında emosiyalarımızı idarə etməyi öyrənməliyik. Məsələn, biz zəlzələ anında necə davranacağımızı öyrənə bilmərik. Amma hər şey qaydasında olanda, başımıza gələcək problemlərlə necə mübarizə aparacağımızı öyrənməliyik. Bu, artıq bizim həmin situasiyanın içinə düşəndə daha rahat adaptasiya olmağımıza səbəb olur.

Biz gördüyümüz şeyləri tətbiq edəcək qədər həssas psixologiyadayıqsa, nə gördüyümüzdən asılı olmayaraq bunu istədiyimiz kimi mənalandıra bilərik. Bu isə cəmiyyətin ümumi dəyərlərinə zidd davranışlara səbəb ola bilər. Əgər emossiyalarımızı idarə edəcək gücə və psixologiyaya sahibiksə, gördüyümüz şeyləri filtrləyəcəyik. O zaman gözümüzün qarşısında belə kimsə öldürsələr də, bunu kinoda görsək də, bu, psixologiyamıza təsir etməyəcək. Çünki emossiyanı necə idarə etməli olduğumuzu öyrənmiş oluruq”. 

Избранный
499
50
oxu.az

10Источники