RU

ABŞ XXI əsrin ən böyük savaşını bitirir - Zelenski sülh masasına gətirilir

Amerika qarşıdakı günlərdə Rusiya-Ukrayna savaşını bitirə bilər. Bu barədə “Politico” məlumat yayıb. Bildirilir ki, Ağ Ev yaxın bir neçə gün ərzində Rusiya və Ukrayna arasında gizli sülh planını dünyaya açıqlayacaq.

APA xəbər verir ki, nəşr məlumatın adı açıqlanmayan mənbə tərəfindən ötürüldüyünü bildirir.

“Politico”nun məlumatından o da aydın olur ki, artıq ABŞ Prezidenti Donald Trampın komandası Ukrayna və Avropa olmadan birbaşa olaraq Moskva ilə sözügedən planı müzakirə edib.

“Ağ Ev plan barədə Zelenskiyə məlumat verəcək və Ukrayna lideri təzyiq altında bu planı qəbul etməyə məcbur olacaq”, - mənbə bildirib.
“Avropalılar isə vecimizə deyil”, - mənbə əlavə edib.

Doğrudan da Amerika XXI əsrin ən böyük savaşını qarşıdakı günlərdə bitirəcək?

İndi

Əli Orucov

AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov Musavat.com-da diqqətlərə çatdırdı ki, Trampın Ukrayna-Rusiya müharibəsini tezliklə bitirməklə bağlı təşəbbüsləri müsbət nəticələr verməsə də, bu istiqamətdə diplomatik cəhdlərin tamamilə tükənməsini söyləmək olmaz: “Doğrudur, Putin hər dəfə dialoq tərəfdarı kimi çıxış etsə də, bunu praktik addımları ilə göstərməyib. Əksinə hər dəfə yaranmış fürsətdən manipulyasiyalar edib, hərbi əməliyyatların şiddətini və miqyasını artırıb. Prezidentlər arasında Alyaskada keçirilən görüşə ümidlər bəslənilsə də, bu danışıqlar da uğurlu alınmadı. Ardınca Rusiyaya qarşı sərt sanksiyalar paketi qəbul edildi. Rossnef və Lukoyl kimi şirkətlər sanksiyanın təsiri altına düşdü. Kölgə donanması da ciddi zərər gördü. Bundan başqa Vaşinqtonun Rusiya ilə əməkdaşlıq edən, onun sanksiyadan yayınmasına kömək edən dövlətlərə və şirkətlərə də qadağalar tətbiq edəcəyi barədə xəbərdarlıqları çəkindirici rol oynadı. Bu cür sərt tədbirlər Rusiyanın iqtisadi və maliyyə gücünü ciddi şəkildə zəiflətməklə müharibənin bundan sonra da davam etdirməsini çətinləşdirir. Birləşmiş Ştatlar onsuz da qərbli tərəfdaşlarının maraqlarını nəzərə almadan Rusiya ilə əlverişli sövdələşməyə can atırdı. Tramp Putinlə dil taparaq bu ölkənin təbii resurslarına və bazarlarına geniş giriş imkanları qazanmağı hədəfləyirdi. Lakin Ağ Ev sahibinin həmlələrinə baxmayaq həmin plan alınmadı. Çünki kollektiv qərbi prosesdən kənar saxlamaqla həll yolu tapmaq mümkün görünmür. ABŞ üçün Ukraynanın ərazi bütövlüyü və etibarlı təhlükəsizliyi o qədər də önəm danışmır”.

Siyasi şərhçi Amerikanın təkbaşına Zelenskini həll planına razı sala biləcəyini düşünmür: “Son olaraq, Zelenskinin Türkiyəyə etdiyi səfərində aydın olur ki, o, əliboş gəlməyib. Yeni təkliflər paketi masa üzərində olacaq. Moskva bu görüşə qatılmaqdan imtina etdi. Lakin yaranmış beynəlxalq vəziyyət, hər müharibə edən tərəflərin resurslarının getdikcə tükənməsi Qərbi və Rusiyanı güzəştlərə sövq edə bilər. Onu da nəzərə almalıyıq ki, Rusiya -Ukrayna müharibəsi artıq qlobal təhlükəsizlik xarakteri aldığından, xüsusən də Qərbə ciddi təsir göstərdiyindən kollektiv Qərbin mövqeyi mütləq nəzərə alınmalıdır. Praktika göstərdi ki, bunsuz Vaşinqton istəyinə çata bilməz. Odur ki, Trampın komandasının Avropanı nəzərə almadan Zelenskiyə təzyiqlə həll planını həyata keçirəcəyini proqnozlaşdırmıram”.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
179
18
musavat.com

7Источники