“Son illərdə ölkəmizdə rəqəmsal ödənişlərin genişlənməsi maliyyə xidmətlərinin daha səmərəli, çevik və əlçatan olmasına şərait yaradıb. 2025-ci ilin ilk 10 ayı ərzində nağdsız əməliyyatların xüsusi çəkisi 67%-ə yüksəlib”.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Bank Forumundakı çıxışında deyib ki, ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması maliyyə sektorunun rəqəmsal transformasiyasının real nəticələrini əks etdirir: “Ani Ödənişlər Sistemi (AÖS) üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir. Hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, biz son aylarda diqqəti yalnız C2C ödənişlərinin AÖS-ə keçidinə deyil, eyni zamanda B2B ödənişlərinin AÖS-ə keçidinə və C2B ödənişlərinin AZQR vasitəsilə genişlənməsinə yönəltmişik. Əlavə olaraq, biz HÖP ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində işləyirik. Sektorla birgə atılan addımlar nəticəsində həm ani ödənişlərin həcmi, həm də xidmətlərin əhatə dairəsi əhəmiyyətli şəkildə artıb”.