Büdcədə hələ də neft və qazın payının yüksək olması barədə fikirlər reallığı əks etdirmir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, gələn ilin büdcəsi cəmiyyətin hərtərəfli inkişafına xidmət edir: “Eyni zamanda büdcənin mühüm xüsusiyyətlərindən biri də qeyri-neft sektorunun payının bu dəfə daha yüksək faizlə təmsil olunmasıdır. Bu, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan addımların və qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyaların artıq bəhrə verdiyinin göstəricisidir. 2026-cı ilin büdcəsində hələ də neft və qazın payının yüksək olması barədə fikirlər reallığı əks etdirmir. 2026-cı il dövlət büdcəsində qeyri-neft-qaz sektorunun payı 57.4 faiz təşkil edəcək. Büdcə gəlirlərinin 57.4 faizi, vergi daxilolmalarının isə 78.7 faizi məhz qeyri-neft-qaz mənbələri hesabına formalaşacaq. Bu isə iqtisadiyyatımızın və dövlət büdcəsinin dayanıqlığını təsdiq edir”.