Çərşənbə günü - 19 noyabrda Azərbaycanın qadın voleybol komandaları arasında keçirilən Yüksək Liqanın III turu çərçivəsində UNEC - “Azərreyl” oyunu baş tutub. Universitet komandası rəqibi 3:0 hesabı ilə məğlub edib.
Qələbə ilə bağlı təəssüratlarını İdman.Biz-lə bölüşən UNEC-in liderlərindən biri, belaruslu voleybolçu Vera Klimoviçdir.
Xatırladaq ki, o, 2009–2014-cü illərdə Bakının “Lokomotiv” klubunda çıxış edib və 2024-cü ildə Azərbaycana qayıdıb. Onun sonuncu legioner olaraq çıxış etdiyi klub Finlandiyanın “Hammenlina Lentopallokerho” komandası olub.
- Komandanın oyununu və şəxsi çıxışınızı necə qiymətləndirirsiniz?
- Qızları təbrik edirəm! Bu gün tapşırığın öhdəsindən gəldik, məşqçinin göstərişlərini yerinə yetirdik. Hamı əla oynadı - vacib üç xal qazandıq. “Azərreyl” ölkənin hazırkı çempionudur. Hazırda müəyyən problemləri var: kapitan zədəlidir. Amma hər bir halda onlar layiqli rəqibdirlər.
Əlbəttə, bu hələ çempionatın başlanğıcıdır, amma oyunumuzdan razıyıq. Deyildiyi kimi, bundan sonra daha çox çalışacağıq. Şəxsi çıxışıma gəldikdə, daha yaxşı ola bilərdi (gülür). Adətən özümə qarşı tələbkar və tənqidi yanaşıram, amma əsas odur ki, nəticə var və biz qalib gəldik.
- UNEC-in çempionatda əsas rəqibi kimdir?
- Bu mövsüm bütün klublar yaxşı səviyyədədir, “asan” rəqib yoxdur. Buna görə də rəqibin oyununu diqqətlə təhlil etmək, hər oyuna ciddi hazırlaşmaq vacibdir - hər qarşılaşma ayrıca bir hekayədir. Və əlbəttə, sona qədər mübarizə aparmaq lazımdır. Amma bir komandanı seçməli olsam, “Turan”ı qeyd edərdim. Onların çox güclü heyəti var, zəif nöqtələri yoxdur. Hələ ki, onlarla oynamamışıq, amma bu, artıq hiss olunur.
- Siz Azərbaycanda ilk dəfə oynamırsınız…
- Bəli, mən Bakıda “Lokomotiv”də çıxış etmişəm. Bu komanda ilə Challenge Cup-ı qazandıq, ölkə çempionatında ikinci və üçüncü yerlər tutduq, amma təəssüf ki, çempion ola bilmədik. Daha sonra digər ölkələrdən maraqlı təkliflər aldım. Razılaşdım, çünki yeni beynəlxalq təcrübə qazanmaq, özümü sınamaq, həyatda nələrisə dəyişmək istədim. Beləcə mənim 10 illik səyahətlərim başladı: İtaliyada, Finlandiyada, İsraildə oynadım. Və indi yenidən Bakıya qayıtmışam.
- Bu 10 il ərzində hansı ölkənin voleybol səviyyəsi sizi ən çox təəssüratlandırdı?
- Əlbəttə ki, İtaliyanın. İtaliya qadınlar voleybolu üzrə A1 Seriyası təşkilatçılıq və tamaşaçılıq baxımından çox təsirlidir. Biletlər pulludur, oyunlara giriş 10 avrodur. Bu da çox şeyi deyir. Arzu edərdim ki, Azərbaycanda da daha çox azarkeş matçlara gəlsin. UNEC-in tələbələri bizi dəstəkləyir və bu, çox xoşdur. Voleybol ölkədə tədricən yenidən populyarlaşır.
- Sizi Azərbaycana qayıtmağa nə vadar etdi?
- Geri qayıtmaqla bağlı təklif aldım və məmnuniyyətlə razılaşdım. Azərbaycan mənim üçün ikinci ev kimidir: çox qonaqpərvər ölkədir. Bakıda o illərdən qalan çoxlu dostlarım və tanışlarım var, buna görə burası mənə doğmadır.
Bundan əlavə, hazırda Azərbaycanda voleybolun yeni dirçəliş dövrü yaşanır. Gələn il ölkə Avropa çempionatına ev sahibliyi edəcək - bu çox böyük hadisədir. Bu fon da ümumi səviyyənin yüksəlməsinə təsir edir. Burada bir neçə il əvvəl oynadığım vaxt voleybolun həqiqi yüksəliş dövrü idi. Sonradan pandemiyaya görə müəyyən eniş yaşandı, amma indi çempionat yenidən sürətlə inkişaf edir. Bu mövsüm isə əvvəlkindən daha maraqlıdır, çünki güclü komandaların sayı artıb və buna uyğun olaraq rəqabət də yüksəlib.
- Yeni nəsillə oynamaq sizin üçün necədir?
- Gənc oyunçularımızla ünsiyyət və əməkdaşlıq mənim üçün asandır - doğrudan da, əla kollektivimiz var. Bundan başqa, gənc voleybolçularla oynayarkən daim əlavə motivasiya hiss edirsən və özünü formada saxlayırsan. Bu qarşılıqlı prosesdir: mən təcrübəmi onlarla bölüşürəm, onlar mənim yanımda inkişaf edir və biz bir-birimizi ruhlandırırıq. Hamımızın hədəfləri və irəliləmək üçün səbəblərimiz var.
Leyla Eminova