Ötən ildən bugünədək icbari tibbi sığorta hesabına 20-dən çox sümük iliyi transplantasiyası icra olunub.Metbuat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, əvvəllər yalnız xaricdə və yüksək maliyyə vəsaiti hesabına icra olunan sümük iliyi transplantasiyası hazırda Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində icbari tibbi sığorta hesabına həyata keçirilir. Bu isə müasir tibbi xidmətlərin ölkə daxilində əlçatanlığını artırır, vətəndaşların maddi yükünü azaldır. Əməliyyata ehtiyac duyan pasiyentlər ilkin olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etməlidir. Müvafiq sənədlər təqdim edildikdən sonra vətəndaş tibbi göstəriş əsasında tibb müəssisəsinə yönləndirilir və müvafiq tibbi xidmətlər icbari tibbi sığortanın təminatı ilə həyata keçirilir.Transplantasiyanın iki növü mövcuddur. Birincisi otoloji - yəni pasiyentin öz hüceyrələrinin toplanaraq ona köçürülməsi, ikincisi isə allogenik – yəni uyğun donordan götürülən hüceyrələrin köçürülməsidir. Əməliyyat zamanı pasiyent steril şəraitdə yerləşdirilir və yeni hüceyrələrin köçürülməsi həyata keçirilir. Növbəti 2-3 həftə ərzində yeni sümük iliyinin yerləşməsi izlənilir. Bu müddətdə pasiyentlər 45-60 gün havalandırma sistemi ilə təchiz olunmuş xüsusi palatalarda saxlanılır.Əməliyyatdan sonrakı dövrdə xəstələr 2 ilə qədər həkim nəzarətində qalırlar. Həkimlərin müşahidələrinə görə sümük iliyi transplantasiyası olan pasiyentlərin çoxunda uzunmüddətli remissiya əldə olunur və həyat keyfiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşır.