RU

Ümumtürk mədəni kimliyimizin tarixi kodları

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb.

Mərasim AMEA Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Müzik ve Güzel Sanatlar Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə ulu öndər Heydər Əliyevin kitabxananın foyesindəki büstü önünə tər güllər düzülüb, dahi liderin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli simpoziumun əsas məqsədinin Türk dünyasının zəngin musiqi folklorunun, xüsusilə balaban, zurna və saz kimi qədim musiqi alətlərinin tarixi köklərinin, mədəni kimlikdəki yerinin və kollektiv yaddaşdakı izlərinin elmi müstəvidə araşdırılması olduğunu bildirib. O, həmçinin zurna-balaban məktəbinin görkəmli nümayəndəsi, Kalvalı Əli Dədə kimi tanınan Əli Kərimovun yaradıcılığına Türk dünyası kontekstində nəzər salınması baxımından simpoziumun elmi əhəmiyyət daşıdığını qeyd edib.

AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər elm ictimaiyyəti qarşısında yeni strateji vəzifələr müəyyənləşdirir. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılığın gücləndirilməsi və mədəni irsin cəmiyyətə təqdim olunması istiqamətləri sənət korifeylərinin irsinin elmi əsaslarla öyrənilməsi və yaşadılmasını zəruri edir. Akademik İsa Həbibbəyli bildirib ki, folklor sahəsində çoxsaylı elmi tədbirlər keçirilsə də, el sənətkarlarının və ənənəvi ifaçıların irsinə həsr olunan layihələr hələ də azlıq təşkil edir və qarmon, zurna, balaban, qaval kimi alətlərin daha geniş təbliğinə ehtiyac var.

O, Kalvalı Əli Dədənin zurna, balaban və tütək kimi nəfəs alətlərinin mahir ifaçısı olduğunu, 70-dən çox rəqs havasının müəllifi kimi böyük bir məktəb yaratdığını xatırladaraq, onun sənətinin bu gün də həm davamçıları, həm də ailə üzvləri tərəfindən yaşadıldığını qeyd edib. Akademik İsa Həbibbəyli ustad sənətkarın 150 illiyinə həsr olunan bu simpoziumun həm elmi ictimaiyyətin Əli Dədənin irsinə ehtiramının ifadəsi, həm də qədim nəfəs alətlərinin təşviqinə xidmət edən mühüm hadisə olduğunu söyləyib. 

Sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın tədbirə ünvanladığı mətni səsləndirib.

O, simpoziumun türk xalqlarının ortaq mənəvi yaddaşının araşdırılması baxımından əhəmiyyətindən danışaraq qeyd edib ki, ənənəvi musiqi türkdilli xalqlar üçün sadəcə incəsənət sahəsi deyil, kimliyimizi yaşadan, nəsillər arasında bağ yaradan və mədəni davamlılığı təmin edən fundamental bir dəyərdir. Xüsusilə muğam, aşıq sənəti, el havaları kimi milli ənənələrin Türk dünyasının müxtəlif bölgələrində mövcud olan oxşar musiqi kodları ilə səsləşməsi ortaq mədəni köklərin güclü göstəricisidir.

“Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyası Türk Dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və beynəlxalq səviyyədə tanıdılmasıdır”, – deyə Fəxri Hacıyev qeyd edib. O, türk xalqlarının musiqi irsinin tədqiqi, rəqəmsallaşdırılması, arxivləşdirilməsi və gənc nəslə ötürülməsinin Fondun prioritet istiqamətləri arasında yer aldığını diqqətə çatdırıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə çıxışında simpoziumun türk xalqlarının mədəni inteqrasiyası, elmi əməkdaşlıq mühiti və ortaq mədəni dəyərlər ətrafında sıx birləşməsi üçün mühüm platforma yaratdığını bildirib.

Kamilə Dadaş-zadə tədbirin əsas məqsədinin türksoylu xalqların ənənəvi musiqisi sahəsində aparılan tədqiqatların ümumiləşdirilməsi və elmi mübadilənin gücləndirilməsindən ibarət olduğunu söyləyib. Vurğulayıb ki, müasir dövrdə ənənəvi musiqinin etnik kimliyin mühüm göstəricisi kimi elmi paradiqmalar əsasında araşdırılması xüsusi aktuallıq daşıyır və simpozium bu istiqamətdə nəzəri və praktik yanaşmaların dəqiqləşdirilməsinə şərait yaradır.

Rektor bugünkü simpoziumun Türk dünyasında mədəni inteqrasiyanın inkişafına, ortaq musiqi yaddaşının qorunmasına və yeni elmi əməkdaşlıqların formalaşmasına əhəmiyyətli töhfə verdiyini diqqətə çatdırıb.

ADPU-nun prorektoru professor Mahirə Hüseynova Kalvalı Əli Dədənin irsinin gənc nəslə tanıdılmasının vacibliyinə toxunaraq bildirib ki, 150 il əvvəl “kalvalı” olmaq böyük sənətkarlıq, dərin mənəvi dəyərlər və ustalıq tələb edirdi. Bu kimi simpoziumlar milli yaddaşımızın, musiqi düşüncəmizin və folklor irsimizin öyrənilməsi baxımından son dərəcə önəmlidir.

O, “dədə” adının hər bir sənət ustasına verilmədiyini, bu adın böyük mənəvi məsuliyyət, ənənə və sənət dərinliyi tələb etdiyini söyləyib, Kalvalı Əli Dədənin zəngin irsinin, sənət əsərlərinin bu miqyasda xatırlanmasını, tədqiq olunmasını yüksək dəyərləndirib.

Professor Mahirə Hüseynova milli musiqi alətlərinin – sazın, neyin, balabanın, zurnanın Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçası olduğunu vurğulayıb. O, Qarabağ müharibəsinin dərdlərini, şəhid analarının ağrı-acısını musiqidə ifadə edən neyin yanıqlı səsinin xalqın yaddaşında xüsusi yer tutduğunu deyib: “Musiqi də söz qədər dəyərlidir, qiymətlidir. İnsanın deyə bilmədiklərini musiqi deyir”.

Daha sonra Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, professor Erhan Özden, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev və Özbəkistanın Xorazm Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru dosent Jasurbek Salayev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildirib ki, musiqi yalnız incəsənətin bir hissəsi deyil, etnosun özünü dərk etməsi, fərqləndirməsi və mədəni xüsusiyyətlərinin qorunması baxımından əsas göstəricilərdən biridir.

Sonda Kalvalı Əli Dədənin ailəsi adından çıxış edən Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu ustad sənətkarın yaradıcılığına verilən dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Onun sözlərinə görə, Kalvalı Əli Dədənin yaradıcılığından hamıya məlum olan “Heyvagülü”, “Alma gülü”, “Alça gülü”, “Bənövşə”, “Kalvalı”, “Çəmənlik”, “Mehribanı”, “Dağ çiçəyi”, “Xırdaca” kimi havalar çağdaş zurna-balaban sənətində nəinki bu sahənin ifaçıları, eləcə də aşıq sənətinin davamçıları üçün böyük örnəkdir.

Tədbir bədii hissə ilə davam etdirilib.

Bədii hissədən sonra müxtəlif mövzularda plenar məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qabil YUSİFOĞLU
XQ

Избранный
10
3
xalqqazeti.az

4Источники