RU

D-8 Media Forumu informasiya ədalətinin təmin edilməsi istiqamətində diqqətəlayiq tribuna kimi çıxış edir -RƏY

Müasir dövrdə informasiya təhlükəsizliyi, media əməkdaşlığı və dezinformasiyaya qarşı birgə mübarizə məsələləri beynəlxalq gündəmin əsas mövzularındandır. Bu baxımdan, inkişafda olan səkkiz müsəlman ölkəsinin – D-8 üzvlərinin media sahəsində əməkdaşlığını gücləndirmək məqsədi ilə Azərbaycanda keçirilən D-8 Media Forumu mühüm əhəmiyyət daşıyır. Forum yalnız informasiya mübadiləsini genişləndirmək deyil, eyni zamanda İslam ölkələrinin ortaq dəyərlərini təbliğ etmək, media vasitəsilə mədəni yaxınlaşmanı təmin etmək məqsədi daşıyır. Azərbaycanın da iştirak etdiyi bu platforma, regionda sülh, tərəqqi və qarşılıqlı anlayışın formalaşmasında medianın rolunu önə çıxarır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib ki, D-8 Media Forumunun yekunlaşması yeni müzakirələr silsiləsinin bağlanması və  gələcək informasiya əməkdaşlığının konturlarının müəyyənləşməsi kimi dəyərləndirilə bilər.

 

Aydın

 

Deputat qeyd edib ki, dünyanın 2 milyarddan artıq insanını təmsil edən ölkələri bir araya gətirən D-8 formatı təkcə iqtisadi potensiala görə deyil, həm də kommunikasiya imkanlarının genişliyi baxımından xüsusi maraq doğurur:

 

“Bu təşkilata üzv dövlətlərin informasiya məkanında bir-birinə daha yaxın dayanması, media institutları arasında koordinasiyanın güclənməsi qlobal dəyişikliklərin fonunda daha da aktuallaşır. Azərbaycanın çoxvektorlu siyasəti məhz belə platformalarda özünü daha aydın göstərir. Bakı həm regional, həm transregional, həm də qlobal səviyyədə dialoqun genişlənməsinə, əməkdaşlıq xəritəsinin böyüməsinə sistemli şəkildə töhfə verir. Ölkənin xarici siyasət fəlsəfəsində balansın qorunması, tərəfdaş şəbəkəsinin diversifikasiyası və beynəlxalq informasiya axınında aktiv mövqenin formalaşdırılması mühüm yer tutur. Bu səbəbdən də Azərbaycanın D-8 Media Forumunda iştirakı sırf formal deyil, strateji məzmun daşıyır. Forum çərçivəsində aparılan müzakirələrin əhəmiyyəti ilk növbədə yeni media çağırışlarının düzgün qiymətləndirilməsindədir. İnformasiyanın sürətlə yayıldığı bir dövrdə feyk xəbərlərin qarşısının alınması, media savadlılığının artırılması, kommunikasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər bu gün hər bir ölkənin prioritetinə çevrilib. D-8 formatında bu problemlərin kollektiv şəkildə dəyərləndirilməsi həm ümumi təhlükəsizlik mühitini möhkəmləndirir, həm də üzv dövlətlərin media institutları arasında etibarlı əməkdaşlıq mexanizmləri yaradır. Eyni zamanda forum qlobal informasiya axınında inkişaf etməkdə olan ölkələrin səsinin daha gur eşidilməsi üçün vacib təkan rolunu oynayır. Alternativ media platformalarının qurulması, ortaq informasiya siyasətinin konturları, media layihələrinin birgə icrası kimi addımlar bu prosesin mühüm elementləridir. Bu baxımdan D-8 Media Forumu informasiya ədalətinin təmin edilməsi istiqamətində diqqətəlayiq tribuna kimi çıxış edir. Nəticə olaraq, forumun başa çatması onun təsirinin bitməsi demək deyil. Əksinə, bu müzakirələr gələcək əməkdaşlıq üçün yol xəritəsi formalaşdırır, media mühitində qarşılıqlı etimadı gücləndirir və D-8 məkanında inteqrasiya proseslərini sürətləndirir. Azərbaycanın fəal iştirakı isə bu inteqrasiyanın regionda yeni dinamikalar yaratmasına əlavə stimul verir”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə bildirib ki, hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınaraq, böyük etimad qazanıb:

 

 

“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirilib. Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir. Media Forumunda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərləri, digər yüksək vəzifəli nümayəndələr və sahə üzrə tanınmış ekspertlər iştirak edirlər. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində qeyd edildiyi kimi, artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilib. Forum D-8 ölkələrinin media qurumları arasında əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Dörd

Tarix: 22 Noyabr 2025, 16:32   
Избранный
25
pravda.az

1Источники