ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Cənubi Qafqaz regionu hər zaman geosiyasi əhəmiyyətinə görə beynəlxalq diqqətin mərkəzində olub. Tarixi, siyasi və iqtisadi maraqların kəsişdiyi bu məkan son illər yeni təhlükəsizlik çağırışları və əməkdaşlıq imkanları ilə qarşı-qarşıyadır. Regional dövlətlər arasındakı münasibətlər, sərhədlərin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və sülh təşəbbüsləri gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra bölgədə yeni reallıqlar formalaşdı. Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addımlar atıldı. Bu prosesdə Türkiyənin mövqeyi və Bakı ilə Ankaranın strateji həmrəyliyi xüsusi rol oynayır.
Sabiq səfir, İMZA İB Türkiyə təmsilçisi Hulusi Kılıç Sherg.az-a açıqlamasında Ermənistan-Türkiyə-Azərbaycan münasibətlərinə diqqət çəkib:
"Ermənistan müstəqilliyini elan etdikdən sonra Türkiyə onu 16 dekabr 1991-ci ildə tanıdı. Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başlayanda 1993-cü ildə Türkiyə Azərbaycanla həmrəylik məqsədilə Ermənistanla sərhədini bağladı. Bu sərhəd 1993-dən bəri 32,5 ildir ki, bağlıdır. Dünyada bunun bir nümunəsi yoxdur. Bir ölkə digər ölkə ilə həmrəylik naminə üçüncü bir ölkə ilə sərhədini bağlamayıb. Bu, Türkiyə-Azərbaycan münasibətlərinin nə qədər dərin olduğunu göstərir. Biz bir millət, iki dövlətik, amma lazım olanda bir dövlət kimi də ola bilirik. Bunu 44 günlük Vətən müharibəsi zamanı gördük. Mənim şəxsi fikrimcə, Türkiyənin Ermənistanla sərhədini açması Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra gözlənilir. Çünki bu iki proses paralel şəkildə getməlidir. Sərhəd əvvəl açılsa, Türkiyə-Ermənistan münasibətlərinin irəliləməsi bəlkə də sülh prosesini ləngidə bilər. Ona görə Türkiyənin istəyi və gözləntisi Azərbaycanla həmrəylikdir. Sülh sazişi imzalanacaq, daha sonra da sərhəd açılacaq. Bu çox önəmlidir və belə qiymətləndirilməlidir. Ermənistan Xarici işlər nazirinin baxışı fərqli ola bilər, amma prosesin tezliklə tamamlanması lazımdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bir an əvvəl imzalanmalıdır ki, Türkiyə də Ermənistanla münasibətlərini normallaşdıra bilsin. 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüşdə mühüm qərarlar qəbul edildi və proses üçün əhəmiyyətli addımlar atıldı. Zirvə zamanı ilk olaraq Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri ATƏT-ə MİNSK qrupunun fəaliyyətinin rəsmən dayandırılması ilə bağlı birgə müraciət etdilər. Bu vacib bir addımdır və Azərbaycan tərəfinin də istədiyi məsələ idi. Sülh müqaviləsinin imzalanması üçün iki şərtdən biri bu idi. Digəri isə Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair maddənin çıxarılması idi. Elə həmin gün-8 avqustda Vaşinqtonda sülh sazişi paraflandı".
Sabiq səfir Ermənistanın Vaşinqtondan “ev tapşırığı” ilə ayrıldığını söyləyib:
"Ermənistan tapşırığı yerinə yetirdikdən sonra proses davam edəcək. İlham Əliyevlə Paşinyan arasında da bir anlaşma memorandumu imzalandı. Vaşinqtonda digər mühüm məsələ isə Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinin işlədilməsi, yəni koridorun açılması ilə bağlı 49 illik müqavilənin imzalanması oldu. Bu layihəni ABŞ şirkəti "tik, idarə et, təhvil ver" modeli ilə həyata keçirəcək. Yola “Tramp yolu” adı verilib. Əslində bu ərazi 1920-ci ildə rusların Azərbaycandan alınıb Ermənistana hədiyyə etdiyi torpaqdır, mahiyyətcə Azərbaycan torpağıdır. Buna görə də Azərbaycan vətəndaşlarının və yüklərinin bu dəhlizdən keçərkən heç bir gömrük və polis nəzarətindən keçməməsi lazımdır. Cənab Prezidentin çox önəm verdiyi məqam da budur. Bunun əksi qəbuledilməzdir.Ermənistan yolun dərhal açılmasını istəyir, bu da təbiidir. Çünki bu yol vasitəsilə Türkiyəyə və dünyanın digər ölkələrinə çıxışı olacaq. Azərbaycanın qazancı isə Naxçıvanın öz tarixi torpağı ilə quru yolu vasitəsilə birləşməsidir. Bundan əlavə, bu yol Türk dünyasının quru yolu ilə birləşməsinə də imkan verəcək. Zəngəzur dəhlizi çox böyük strateji əhəmiyyət qazanır. Azərbaycan öz tərəfində tikinti işlərini demək olar ki, tam bitirib. 43 kilometrlik yolun tamamlanması da 1-2 ildən çox çəkməyəcək. Bu yol insanlığa xidmət edəcək. Həmçinin, Zəngəzur dəhlizi açıldıqda Ermənistan ərazisindən qaz boru xətləri də keçəcək və Ermənistan özü də iqtisadi baxımdan qazanc əldə edəcək. Ona görə Ermənistanın bunu istəməsi təbiidir".
Müsahibimiz bir müddət əvvəl Azərbaycandan bir qrup ekspertin və QHT təmsilçisinin İrəvana səfər etdiyini, müxtəlif görüşlər keçirdiyini xatırladıb:
"Bu dəfə də Ermənistandan bir qrup nümayəndə Bakıya gəldi. Bu çox müsbət haldır, xalqdan xalqa təmas kimi qəbul edilməlidir. Bunları sülhə hazırlıq addımları kimi dəyərləndirmək lazımdır və olduqca faydalıdır. Bu şəkildə sülh prosesinin yolu açılacaq. Qazaxıstandan Ermənistana gedəcək buğdanın Azərbaycan ərazisindən keçməsinə icazə verilməsi də prosesin artıq başlandığını göstərir. Biz artıq sülhə və sülh prosesinə hazırlaşırıq. Buna görə addımlarımızı atarkən və danışarkən diqqətli davranmalıyıq".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.