RU

İslam dünyasının ilk Media Mərkəzi Bakıda açıldı...


Bakı şəhərində keçirilən D-8 Media Forumu təşkilata üzv ölkələr arasında media əməkdaşlığının institusional əsaslar üzərində qurulması baxımından mühüm tarixi addım oldu. Forumun yekunu olaraq qəbul edilən “Bakı Bəyannaməsi” D-8 məkanında media sahəsində daha sıx inteqrasiyanın, informasiya mübadiləsinin və birgə fəaliyyətin yeni formatını müəyyənləşdirir. Bəyannamə üzv dövlətlərin media sferasında əməkdaşlığı dərinləşdirmək, regional dialoq və həmrəyliyi gücləndirmək niyyətini təsdiqləməklə yanaşı, müasir informasiya çağırışları fonunda birlikdə hərəkət etməyin strateji əhəmiyyətini vurğulayır.

Bəyannamədə Azərbaycan tərəfinin, xüsusilə Prezident İlham Əliyevin media əməkdaşlığının gücləndirilməsi istiqamətində göstərdiyi dəstək xüsusi qeyd edilir. Bu, ölkəmizin təkcə regional deyil, həm də qlobal informasiya proseslərində artan rolunun beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Son illərdə Azərbaycan qlobal media gündəmində aktiv mövqe tutmaqla, dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və media diplomatiyası sahəsində ciddi təşəbbüslərlə çıxış edir. D-8 çərçivəsində aparılan yeni media təşəbbüsləri də bu proaktiv siyasətin məntiqi davamı kimi dəyərləndirilə bilər.

Forum çərçivəsində ən mühüm qərarlardan biri Bakıda D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılması təklifi oldu. Bu təşəbbüs üzv dövlətlər arasında media sahəsində institusional əməkdaşlığı təmin edəcək və bölgədə informasiya mühitinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Mərkəz jurnalistlər üçün treninqlər, seminarlar, professional inkişaf proqramları, araşdırmalar və rəqəmsal media bacarıqlarının artırılması üzrə fəaliyyət göstərəcək. Buraya yeni media texnologiyaları, süni intellektin etik istifadəsi, rəqəmsal təhlükəsizlik, araşdırma jurnalistikası və informasiya idarəçiliyi kimi sahələr daxildir. Bu funksiyalar mərkəzi yalnız tədris müəssisəsi deyil, həm də D-8 informasiya sərhədlərinin birləşdiyi qlobal media laboratoriyasına çevirir.

Media Mükəmməlliyi Mərkəzi eyni zamanda üzv ölkələrin media universitetləri və tədris mərkəzləri arasında akademik əməkdaşlığı genişləndirəcək. Jurnalistlər və media mütəxəssisləri üçün mübadilə proqramları, təqaüd imkanları və birgə tədqiqat layihələri təşkil ediləcək. Bu, məlumatlı, peşəkar və qlobal düşüncəyə malik media kadrlarının yetişməsinə zəmin yaradır.

Bəyannamədə yer alan digər mühüm addım D-8 Yayım Assosiasiyasının yaradılmasıdır. Bu assosiasiya televiziya kanalları, radio qurumları, xəbər agentlikləri və ictimai yayımçılar arasında birbaşa əlaqə, ortaq məzmun istehsalı və məlumat mübadiləsi üçün vahid platformadır. Assosiasiya üzv dövlətlər arasında mədəniyyət, tarix, icma həyatı və təhsil mövzularında birgə proqramların hazırlanmasını və yayılmasını stimullaşdıracaq. Bu isə D-8 məkanında informasiya inteqrasiyasını gücləndirməklə yanaşı, mədəni diplomatiyanın da effektivliyini artıracaq.

Sürətlə dəyişən qlobal media mühitində dezinformasiya, saxta xəbərlər, nifrət nitqi və informasiya manipulyasiyası kimi risklər artdıqca, D-8 ölkələri bu sahədə koordinasiyalı mübarizə aparmağın vacibliyini vurğulayırlar. Bəyannamədə üzv dövlətlər arasında ortaq fakt-yoxlama mexanizmlərinin qurulması, məlumatların dəqiqləşdirilməsi və informasiya təhlükəsizliyi sahəsində prosedurların hazırlanması xüsusi yer tutur. Bu, təşkilat daxilində daha etibarlı və şəffaf informasiya axınının təmin edilməsinə imkan verəcək.

Bakı Bəyannaməsi həmçinin media savadlılığının artırılması üçün birgə təşəbbüsləri də nəzərdə tutur. Xüsusən gənclər arasında informasiya təhlükəsizliyi, rəqəmsal bacarıqlar və süni intellektin düzgün istifadəsi kimi istiqamətlər üzrə ortaq proqramların hazırlanması planlaşdırılır. Bu, gələcək nəsillərin informasiya manipulyasiyasından qorunması və daha məsuliyyətli media mühitinin formalaşması baxımından mühüm addımdır.

Forumda medianın etik standartlarının yüksəldilməsi məqsədilə birgə D-8 Jurnalistika Etika və Davranış Kodeksinin hazırlanması təklifi də irəli sürülüb. Bu kodeks həm peşəkarlıq, həm də etik prinsiplər baxımından vahid standartların formalaşmasına xidmət edəcək. Yayım Assosiasiyası ilə birlikdə bu kodeks jurnalistika sektorunda şəffaflığı, peşəkarlığı və məsuliyyəti artıracaq.

Ümumilikdə, Media Mükəmməlliyi Mərkəzi təhsil, tədqiqat, rəqəmsal inkişaf və media kooperasiyası üçün əsas baza institutunu yaradırsa, Yayım Assosiasiyası informasiya məzmununun ortaq istehsalı və yayılması üçün geniş platforma rolunu oynayır. Hər iki institutun yaradılması D-8-in media əməkdaşlığını təsadüfi təşəbbüslərdən sistemli və davamlı institusional əməkdaşlıq modelinə keçirməsini təmin edir.

Azərbaycan üçün bu təşəbbüslərin xüsusi əhəmiyyəti var. Media Mükəmməlliyi Mərkəzinin Bakıda yerləşməsi ölkəmizin regional informasiya mərkəzi rolunu gücləndirməklə yanaşı, Azərbaycanın media diplomatiyasında yeni imkanlar açır. Bu həm də Azərbaycanın çoxvektorlu siyasətinin - regional, transregional və qlobal əməkdaşlıq strategiyasının daha bir uğurudur.

Nəticə etibarilə, D-8 Media Forumu və Bakı Bəyannaməsi qlobal informasiya mühitində yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Bu, üzv ölkələr arasında daha güclü, əlaqəli, savadlı və dayanıqlı media məkanının yaradılmasına yönəlmiş strateji addımdır. Azərbaycanın bu prosesdə aparıcı rolu isə ölkəmizin beynəlxalq informasiya məkanında artan nüfuzunun və təşəbbüskar siyasətinin bariz göstəricisidir.

Akif NƏSİRLİ

Избранный
26
baki-xeber.com

1Источники