Türkiyə Hindistan ordusuna altı ədəd AH-64E “Apaçi” helikopterinin ikinci partiyasının çatdırılmasına mane olub. Hindistana uçan yük təyyarəsi qəfil geri qaytarılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə “EurAsian Times” öz mənbəsinə istinadla yazıb.
Anonimlik şərti ilə danışan mənbə bildirib ki, Türkiyənin helikopterləri daşıyan yük təyyarəsinə uçuş icazəsi verməkdən imtina etməsindən sonra An-124 ABŞ-a qayıtmazdan əvvəl bir həftə İngiltərədə qalıb.
Mənbə bunu “Hindistan və Türkiyə arasındakı münasibətlərin hazırkı vəziyyəti” ilə əlaqələndirib.
Bildirilib ki, 2025-ci ilin mayında baş verən Dördgünlük müharibə zamanı Ankara Pakistana açıq və birmənalı dəstək verib. Türkiyənin İslamabada görünməmiş diplomatik, hərbi və təbliğat dəstəyi Ankara-Dehli münasibətlərini tam aşağı səviyyəyə salıb.
Vurğulanır ki, Hindistan Yunanıstan, Kipr və Ermənistanla əlaqələri gücləndirərək Türkiyəyə qarşı çıxır.
Qeyd edək ki, Hindistan Dördgünlük müharibədən öncə də sözügedən ölkələrlə hərbi əməkdaşlığı gücləndirməkdə idi, o cümlədən Ermənistana külli miqdarda silah satışını həyata keçirir.