RU

Romalılar keltləri belə qorxudurdu - 2 min illik kəllə tapıldı

Arxeoloqlar İspaniyada yerləşən 2 min illik La Loma qalasında insan kəlləsi aşkar ediblər. Tədqiqat göstərir ki, bu baş, Romalılar tərəfindən öldürülmüş yerli kantabr döyüşçüsünə məxsus olub və digər keltləri qorxutmaq üçün qala divarlarına yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə araşdırma "Live Science" portalında yayımlanıb.

Məlumata görə, eramızdan əvvəl I əsrdə Roma imperiyası Pireney yarımadasında kelt tayfaları olan kantabrlara qarşı hərbi əməliyyatlar aparıb. La Loma qalasının mühasirəsi zamanı Roma qoşunları kantabrləri məğlub edib və qalada dağıntılar yaranıb. Son qazıntılar zamanı arxeoloqlar divarların içərisində insan kəlləsi və yüzlərlə atılmış sursat tapıblar.

Kəllənin DNT analizi göstərib ki, o, yerli kantabr kişisinə məxsusdur və təxminən 45 yaşında ölmüşdür. Başın yanında digər skelet qalığı aşkarlanmayıb, alimlər hesab edirlər ki, o basdırılmayıb, çaya və ya açıq səthə atılıb.

Tədqiqatçıların fikrincə, romalılar məğlubedilmiş kantabrlərin başlarını nümayiş etdirərək qorxu yaratmaq strategiyasından istifadə ediblər. Kəllə divarların dağıntıları altında qalıb, lakin onun dəqiq necə sərgiləndiyi hələ məlum deyil.

Santyaqo Dominqes-Solera, "Heroyika" Arxeologiya və Mədəni İrs Mərkəzinin direktoru, bildirib: "Baş divarın yanına düşüb və romalılar istehkamları dağıdaraq getdikdə, o, dağıntılar altında qalıb. Biz kəllənin necə nümayiş etdirildiyini müəyyən edə bilmirik."

Kənan
Milli.Az

Избранный
23
1
milli.az

2Источники