Fikrət Yusifov: “Ölkədə avtomobil istehsalının azalması bu sahədə mövcud olan problemlərdən qaynaqlanır”
Bu ilin 10 ayında Azərbaycanda avtomobil istehsalı kəskin azalıb, idxal isə artıb. Bu barədə Azərbaycan dövlət Statistika və Gömrük komitələrinin hesabatlarında bildirilir.
Belə ki, 2025-si ilin yanvar-oktyabr aylarında ölkədə 3 min 280 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 min 153 ədəd az (-26 faiz) minik avtomobili istehsal olunub. Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13.7 faiz, yük avtomobillərinin istehsalı isə 31.6 faiz azalıb.
Qeyri-neft sektorunun inkişafının vacibliyindən danışırıq, amma bu sahənin vacib qollarından birində istehsal azalır. Avtomobil istehsalının kəskin azalmasının kökündə nə dayanır? Bu, yerli istehsalın lazımı bazar əldə etməməsi ilə bağlıdır, yoxsa ortada digər səbəblər var?
“Bu gün kiçik və orta biznesin maliyyə əlçatanlığı sahəsində çox ciddi problemlər var”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Dünya bazarında neftin qiymətinə təsir edən proseslər fonunda və eyni zamanda Azərbaycanda neft hasilatının azalması müstəvisində biz real sektorun istənilən sahəsinin sürətli inkişafını təmin edəcək tədbirlər görməliyik. Hər hansı bir sahədə geriləməyə yol verilməsi, təbii ki, bütövlükdə ölkə iqtisadiyyatının indiki durumunda, yəni neftdən asılı olduğu vəziyyətdə olduqca pis bir haldır. Yəni arzu edilməyən bir haldır. Azərbaycanda avtomobil istehsalının azalması bu sahədə mövcud olan problemlərdən qaynaqlanır. Şəxsən mənə tam aydın deyil ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı nəyə görə azalıb. Görünür, istehsal tələblərə cavab vermir, rəqabət qabiliyyəti aşağıdır. Ancaq hər halda, müvafiq qurumlar bunun səbəbinə aydınlıq gətirməlidir. Bu məsələni təhlil etməlidilər, hökumət bunun səbəbini araşdırmalıdır. İstehsalın həcminin azalmasına şərait yaradan səbəblərin aradan qaldırılması təmin edilməlidir. Biz bu gün real sektorda hər hansı bir sahədə istehsalın azalması deyil, yeni məhsul növlərinin istehsalının təşkil edilməsi və artırılması istiqamətində addımlar atmalıyıq. Bütövlükdə, real sektorun indikindən qat-qat sürətli inkişafını təmin etməliyik. Çünki hazırda dünyada neftin qiyməti ucuzlaşmağa doğru gedir. Hazırda bir barel neftin qiyməti 61-62 dollar arasında dəyişir. Halbuki, 2025-ci ilin dövlət büdcəsində neftin bir bareli 75 dollardan götürülüb. 2026-cı ilin dövlət büdcəsində isə bu rəqəm 65 dollar olacaq. Təbii ki, bütün bunlar ciddi siqnallardır. ABŞ prezidenti Donald Trampın neft siyasəti onu deməyə əsas verir ki, gələn il neftin qiyməti indikindən də ucuz olacaq. Ona görə də, bütün bunların fonunda, biz real sektora əsaslı şəkildə diqqət etməliyik. Xüsusilə real sektorun onurğa sütununu təşkil edən kiçik və orta biznesin maliyyə əlçatanlığı həll edilməlidir. Bu gün kiçik və orta biznesin maliyyə əlçatanlığı sahəsində çox ciddi problemlər var. Bank kreditləri yüksək faizlərlə verilir, bizneslə məşğul olanlar faktiki olaraq bu kreditləri götürmür. Digər maliyyə mənbələri də yoxdur. Ona görə də bütün bunlar bizi düşündürməli, hökumət bu məsələlərin həlli istiqamətində ardıcıl, məntiqi və düzgün addımlar atmalıdır”.
Vidadi ORDAHALLI