RU

Samirənin erməni ifaçını qucaqlaması - düzmü etdi?

Aqil Abbas: “Qazi atası ona bir şapalaq vurmalıdır”

Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində maraqlı və gözlənilməz an yaşanıb. Xəbər verdiyimiz kimi, Azərbaycanı münsiflər heyətində təmsil edən məşhur müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verib.

Müsabiqənin nəticələri elan olunarkən Samirə Əfəndinin erməni iştirakçını səhnədə qucaqlaması isə yarışmanın ən çox müzakirə olunan məqamına çevrilib. Bu jest sosial şəbəkələrdə geniş rezonans yaradıb, müxtəlif fikir və reaksiyalara səbəb olub.

İzləyicilərin bir qismi bu addımı “musiqinin siyasətdən üstünlüyü” kimi dəyərləndirsə də, digərləri bu davranışı tənqid edərək mübahisəli hesab edib.

Məsələn, müğənni Nura Suri hazırkı siyasi kontekstdə ittihamların əsassız olduğunu bildirib: “Hazırda ölkə başçısının siyasi kursu bölgədə sülhün təmin edilməsinə yönəlib. Bunun ən bariz nümunəsi 21-22 noyabrda erməni nümayəndə heyətinin Bakıya səfəridir. Belə həssas bir zamanda Samirə Əfəndinin beynəlxalq müsabiqədə erməni iştirakçısına verdiyi 12 bala görə məsələni şişirtmək və onu demək olar ki, "xalq düşməni" kimi təqdim etmək tamamilə yersizdir".

Nura Suri həmçinin qeyd edib ki, Samirə Əfəndi hərbçi, müharibə iştirakçısı və qazi övladıdır, bu səbəbdən onu düşmənçilikdə suçlamaq həm ədalətsiz, həm də məntiqsizdir: “Bu qədər şəhid və qazisi olan bir xalqın sülhə yönəlmiş addımları qeyri-adi qarşılanmamalı, humanist jestlər isə düşmənçilik kimi yozulmamalıdır. Musiqinin milliyyəti yoxdur və sənət yarışları siyasi meydan deyil”.

Onun sözlərinə görə, bu gün region üçün əsas prioritet dayanıqlı sülh, sabitlik və əməkdaşlıq mühiti formalaşdırmaqdır.

Akif Nağı

Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı isə bu davranışına görə müğənni Samirə Əfəndini söyüb. Partiya sədri bu barədə sosial şəbəkədə yazıb: “Samirə Əfəndi adında bir q...q Azərbaycan xalqı adından iyrənc hərəkətlərini davam etdirir. İndi də Qazaxıstanda keçirilən mahnı müsabiqəsində erməni gədəsini bağrına basıb ki, dostuq və sair. Bu q...q bir dəfə də olsun Şəhid Anasını, ya da ayağı, əli, gözü yox Qazini bağrına basıbmı? Hakimiyyət buna Azərbaycanı haradasa təmsil etməyə imkan verməsin. Hər bir azərbaycanlı isə onu harada görsə, üzünə tüpürsün! Azərbaycan xalqının heysiyyəti ilə oynamasınlar!”

Rey

Rey Kərimoğlu

Qazi jurnalist Rey Kərimoğlu isə qeyd edib: “Torpaqlarımızı azad etmişik. Emənistanla da sülh sazişi olmalıdır və olacaq. QHT-lər səviyyəsində proses də başlayıb. İnşallah, dövlət baba gərəyini də yapacaq. Amma bu sülh məsələsində də bir əndazə olmalıdır, məncə. Yəni özfəaliyyət, şitlik, yaltaqlıq lazım deyil. Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində azərbaycanlı münsifin davranışı çox yersiz oldu. Bir az da yaltaqlıq kimi göründü. Ağ eləməyin.12 bal vermisən vermisən də, daha o ermənini bağrına basmaq nə idi elə?! Sülh prosesi qaniçənə yaltaqlanmaq demək deyil.

Həddinizi bilin, ayıbdir! Heç olmasa, Prezidentimizin belə anlardakı davranışından nümunə götürün!"

Beləliklə, hadisə qısa müddətdə sosial platformalarda trend mövzulardan birinə çevrilib. Müsabiqənin təşkilatçıları bildiriblər ki, səsvermənin nəticələri və münsiflərin qərarı tam müstəqildir və yekun bal bölgüsü münsiflərin şəxsi qiymətləndirməsi əsasında verilib.

Sosial mediada isə Samirə tənqid atəşinə tutulub. Onun bu jestinin sülhə xidmət etmədiyi, erməni ifaçı ilə qucaqlaşmağın yersiz olduğu vurğulanıb. Tənqidçilər şəhidlər verdiyimizi, ermənilərin xalqımıza və sülhə qarşı cinayətlər törətdiyini qeyd ediblər, bu addımın düzgün olmadığını bildiriblər. Samirə Əfəndi isə reaksiyalara qısaca olaraq bu cür cavab verib:

“Təxmin edirdim ki, reaksiyalar bu formada olacaq. Hər şeyə sonra aydınlıq gətirəcəyəm”.

Yeri gəlmişkən, eyni vaxtda bir qrup erməni vətəndaş cəmiyyəti fəalı Azərbaycanda səfərdə olub. Artıq qrupun adı müəyyən edilib, bu, “Sülh Körpüsü Təşəbbüsü” adlanacaq.

Bu baxımdan, Samirə Əfəndinin davranışı nə qədər adekvatdır, yaxud tənqidlər haqlıdırmı?

Mövzu ilə bağlı tanınmışların mövqeyini öyrənməyə çalışdıq.

Ayaz

Ayaz Salayev 

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev  “Yeni Müsavat”a açıqlamasında deyib: “Kim və niyə ermənini qucaqlayıb, bu barədə heç nə deyə və heç kimi qınaya bilmərəm, bu onların öz işidir. Amma ermənilərlə barışıq məsələsinə gəldikdə, fikrimcə, bu barədə sualı şəhid analarına vermək lazımdır.

Özümə gəldikdə, deyə bilərəm ki, iştirak etdiyim beynəlxalq festivallarda əlbəttə ki, ermənilərlə qarşılaşmışam. Amma onlarla qucaqlaşmağı, səmimi davranmağı, yaxın olmağı heç düşünməmişəm, heç məqsədim də olmayıb. Münasibət olubsa da, çox sərt münasibət olub. Çünki bizim şəhidlərimiz var, arada qan tökülüb.

Hətta müəyyən ümumi layihələr təklif olunmuşdu və həmin layihələrdə ermənilər də var idi, amma mən bu təklifləri mənfi qarşılamışdım. Təbii ki, əgər ermənilərlə barışıqla bağlı dövlət siyasəti olarsa, o zaman mən susaram.

Və düşünürəm ki, heç bir zaman İrəvana getmərəm. Yəni ermənilərlə qarşılaşmaq istəmərəm. Yox, əgər dövlət səviyyəsində bunu etməyi məndən istəsələr, yalnız o zaman bu işi şərəfli bilib gedərəm, amma indiki vaxtda ora getmək mənim boğazımdan keçməz".

Aqil

Aqil Abbas 

Millət vəkili Aqil Abbas isə bildirib: “Həmin müğənni çox səhv hərəkət edib. Ermənilərlə sülh olacaq, amma onu niyə qucaqlamalıyıq? İndiki vaxtda, hansı ki, şəhidlərin qanı hələ tam qurumayıb, şəhid ailələrinin gözünün yaşı qurumayıb, ürəkləri qan ağlayır, üstəlik, revanşist qüvvələr sülhə mane olmaqda davam edir, bütün televiziya kanallarında Azərbaycan əleyhinə danışırlar indiki vaxtda belə hərəkət nəyə lazımdır? Yəni xoşagələn hərəkət deyil.

Bəli, Ermənistan ərazisinə gedəcəyik, amma mən ermənini heç zaman qucaqlamaram. Necə yəni? Erməni mənə necə dağlar çəkib, indi gedib onu qucaqlayacağam? Doğrudur, artıq onların QHT üzvləri Bakıya gəlir, bizimkilər də Ermənistana gedir, bu, pis deyil, sülh üçün lazımdır. Ermənilər yüz illərdir bizimlə düşməndir, amma bu düşmənçiliyin də bir sonu olur. Daha onu qucaqlamaq, ona ən yüksək bal vermək - bu, olmaz!

Deyirlər ki, həmin müğənni qazi qızıdır. Məncə, əgər bu doğrudursa, qazi atası yəqin ki, bu davranışına görə ona bir şapalaq vurar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Избранный
75
50
musavat.com

10Источники