GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın teatrdan istefa verməsi ətrafında müzakirələr davam edir.
Aktrisa Globalinfo.az-a açıqlamasında qərarı ilə bağlı təfərrüatları açıqlayıb.
O, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyətindən narazılıq edib və saysız-hesabsız şikayətlərin olduğunu, bunu mədəniyyət nazirinə çatdırdığını vurğulayıb:
“Bütün bunlara baxmayaraq, nazir öz imzası ilə təyin etdiyi Mehriban Ələkbərzadəni vəzifədən azad etmir. Nazirliyin bütün fəaliyyətini və mədəniyyət sahəsində baş verən qanunsuzluqları ictimaiyyətə açıqlayacağam, məsələni Prezidentə çatdıracağam. Çünki ölkə başçısı dəfələrlə bildirib ki, məmurların özbaşınalığı ilə bağlı ictimai nəzarət güclü olmalıdır və problemlər mətbuat vasitəsilə müzakirəyə çıxarılmalıdır”.
Aktrisa bildirib ki, mədəniyyət sahəsində baş verən haqsızlıqları açıqlayacağı üçün yüksək vəzifəli məmurlar Xalq artisti İlham Əsgərova zərər verə bilər:
“Buna görə də ərizə yazaraq işdən çıxmağı gözə aldım. Çünki İlham Əsgərov həqiqətən insan adamdır. Teatrda Mehriban Ələkbərzadənin ağlatdığı insanların göz yaşlarını illərdir o silir. Mən artıq susmayacağam!”
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə isə Xanlarovanın işdən çıxması və ittihamları ilə bağlı danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova istefa ərizəsini yazıb. Aktrisa işdən ayrılmasına səbəb Mehriban Ələkbərzadənin yarıtmaz idarəçiliyini göstərib.
Zaira Akifqızı
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.