RU

Büdcənin məmələri

Təsadüfə bax ki, milli manıslarımızdan biri qədim türk eli Qazaxıstanda ərməni manısa səs verib, hələ bu azmış kimi, bağrına basıb qucaqladığı məqamlarda Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik üzərində çalışırdı və həmin dəyişiklik məhz internetdə milli-mənəvi dəyərlərimizin qorunması uğrunda idi. 

Ancaq bu uzundraz giriş cümləsində “milli” sözünün gen-bol işlənməsi təsadüfi deyil, əsl milli xarakterimizdən doğur. Azərbaycanda hər şey milli olmalıdır. Elmlər Akademiyasından Dram Teatrına, rəqsdən toya, kinodan rüşvətxorluğacan... Məsələn, bütün dünya rüşvətə pis baxır, ancaq biz ona hörmət, haqq, şirinlik deyirik. Çünki milli xüsusiyyətimizdir. 

Xanım manısın erkək ərmənini qucaqlayıb yarışmada ona 12 bal xal verməsi vətənpərvər milli təbəqəmizdə haqlı hiddət doğurmuşdur. Bəlkə tərsinə olsa dözərdik. Nə də olmasa ortada o boyda Əsli-Kərəm, Bahadur-Sona temaları var. Ərməni qızı qucaqlamağa etirazımız yoxdur. Gələcək sülh müqaviləsində bunları nəzərə almaq lazım gələcək. 

Əgər inzibati məcəlləyə düzəliş qəbul olunsa, yaxın gələcəkdə istənilən qucaqlaşmanın da təhlükəsi yaranacaq. Cərimələr, hətta 30 gün, 2 ay həbs gözlənilir. Ancaq milli-mənəvi dəyərlər nədir, hansı söz söyüş sayılır, hansı işarələr və jestlər təhlükəlidir, bunu qanunda yazmaq, həmçinin əməl eləmək bir az çətin olacaqdır. Örnək üçün, xaricilər iki barmağı “o” hərfi şəklində tutanda bu “okey, oldu, əla” kimi mənalar verir, ancaq sən bunu bizim hansısa məktəbin həyətində bir qaqaşa göstərsən səni tədris vəsaiti olan qatlama bıçağı ilə yortar, çünki bizim milli jarqonda “okey” işarəsi “deşik” mənası verir. 

Yaxud ağsaqqal gələndə ayağa durmaq milli dəyərimiz sayılır, ancaq bəzi rayonlarda icra hakimləri cavan uşaqlardır. O cümlədən nazirlər. İndi ağsaqqal işçi kabinetə girəndə nazir durub qabağına qaçmalıdır? Bəs dövlətçilik funksiyaları bundan zərər görməzmi? Biz təzədən AXC-Müsavat epoxasına qayıtmarıqmı? Allah göstərməsin, tfu-tfu... Qulağınızı dartın. 

Elə bax bu kimi hal, yəni göz dəyməsin deyə “tfu-tfu” eləmək ictimaiyyəti təhqir sayıla bilərmi? 

Qadınlar hamısı kəlağayı örtməyə, kişilər qaftan geyməyə borcludurmu? Yeni evlənənlər at yarışına çıxıb güləşməli, üç öpüb bir dişləməlidirmi? İldə bir dəfə Mərkəzi Bankın sədri dövlət büdcəsini açıb el-obaya yağmalatdırmalıdırmı? 

Bunlar hamısı çətin suallardır. Həmçinin güman edirəm qanunun geriyə qüvvəsi olmaz, çünki dahi şairimiz Vaqif müəllimin bu beytlərinə baxanda heç cür ona Şuşada poeziya bayramı keçirmək məqsədəuyğun görünmür: “Ayıraydın obasından, elindən, Bir xəlvətdə tuta idin əlindən, Əməydin ağzından, şirin ləbindən, Görəydin necədir dadda, ləzzətdə”, “Qaşı kaman, kirpikləri qəməlim, Ağzı şəkkər dodaqları yeməlim, Əlvan kəlağaylı, bəyaz məməlim, Sinəsi meydanım neçün gəlmədi?”, “Taxtına çıxmanam, taxtın ucadır, Qoynuna girmənəm, yarı gecədir, Deməginən Molla Pənah qocadır, Səni tamam yesəm, doymanam, gəlin”. 

Hələ mən nisbətən yüngüllərini, bir növ, 15 sutkalıq şeirləri yazdım, bəzi beytlərə minimum 2 min manat cərimə və 2 ay inzibati düşər. Məsələn, bu beytə baxın: “Öpüb, qucub, qucağımda qoyduğum, Əmlik məmələrin könlüm arzular”. 

Əlbəttə, hörmətli oxucularımız da bunlara müsbət yanaşır, güman edirəm. Sadəcə, indi kim iddia edə bilər ki, Molla Pənah Vaqif milli-mənəvi dəyərlərimizdən xəbərsiz olmuşdur? 

İnternetdə söyüşə görə cəzaları sərtləşdirmək isə elə həmin söyüşlərə görə bir-birini bıçaqlayan gənclərin hikkəsinə bir növ yağ sürtmək, benzin tökməkdir. Onlar istər-istəməz fikirləşəcəklər: “Əgər söyüş bekar mövzudursa, hökumət niyə buna belə diqqətlə yanaşır, əhəmiyyət verir?” Güman edirəm yeni qanun qəbul olunsa, söyüşə görə qətllər artacaq. Söyüş-təhqirə görə indiki cəzalar da yetərlidir. 

Yox, əgər bu cərimələrlə də büdcəni doldurmaq lazımdırsa, mənim sözüm yoxdur. Belə büdcənin bəyaz gərdəninə... 

Избранный
59
musavat.com

1Источники