RU

“Kəpəz” Gəncədə hazırlıq keçəcək - 2 rəqibi də məlumdur

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk hissəsini 9-cu pillədə başa vurmuş “Kəpəz”ın hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda çempionatın ikinci hissəsinə Gəncədə hazırlaşacaq. Hazırda 10 günlük istirahətdə olan “sarı-göylər” yanvarın 4-də Gəncə şəhər stadionunda bir araya gələcəklər.

Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi artıq bəllidir. Belə ki, Adil Şükkürovun çalışdırdığı komanda elita klublarından “Qəbələ” və “Araz-Naxçıvan”la qarşılaşacaq. Oyunlar müvafiq olaraq yanvarın 10-na və 15-nə təyin olunub. Yoxlama matçlarının yeri və saatı barədə məlumat qarşıdakı günlərdə veriləcək.

Xatırladaq ki, Gəncə klubunun bəzi legionerləri 10 günlük istirahət fürsətindən istifadə edərək Yeni il bayramını qeyd etmək üçün vətənlərinə yollanıblar. Onların yanvarın 4-nə qədər Azərbaycana qayıtması gözlənilir.

“Kəpəz” mövsümün ilk iki dövrəsindən sonra 14 xalla 9-cu pillədə qərarlaşıb. Komanda indiyə qədər keçirdiyi 18 oyunda cəmi 3 qələbə qazanıb, 5 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.

Избранный
533
48
arena.az

10Источники