
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, istintaq orqanın təqdimatı əsasında Nizami rayon Məhkəməsində bu barədə qərar qəbul edilib.
Qərara əsasən, Abdulla İbrahimli, İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.
10:30
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
Missiya.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər - Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.
İstintaq tədbirləri davam etdirilir.