
Bu gün Bakı şəhərində Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Şuranın Baş katibi Sahil Qasımov qonaqları salamlayaraq qurumun yaranma tarixindən bəhs edib. Onun sözlərinə görə, Şura bir il əvvəl Brüsseldə, Azərbaycanın Avropa İttifaqındakı səfirliyində təsis olunub. Avropanın 10 ölkəsində fəaliyyət göstərən təşkilatlar bu qurumu yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Qasımov qeyd edib ki, Şuranın rəsmi qeydiyyatı Niderland Krallığında həyata keçirilib.
“Bu təşkilatın təsisçilərinin böyük hissəsi hazırda Azərbaycandadır. Bu gün Azərbaycan ictimaiyyətinə geniş məlumat vermək istəyirik. Biz Diasporla İş üzrə Dövlət Komitəsi və media ilə sıx əməkdaşlıq edirik və bu əməkdaşlığı daha da genişləndirməyi planlaşdırırıq. Qarşıda Qərbi Azərbaycan məsələsi kimi böyük hədəflərimiz var. Biz öz vəzifələrimizi bilirik və onları yerinə yetirmək üçün əzmlə çalışacağıq”, – deyə Sahil Qasımov bildirib.
Qurumun Baş katibi xatırladıb ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə bir sıra jurnalistləri təltif edib. Tədbirdə həmin media nümayəndələrinə mükafatlar təqdim olunub. Daha sonra müxtəlif ölkələrdən olan Azərbaycan diasporunun təmsilçiləri səhnəyə dəvət edilib və onlara fəxri mükafatlar verilib.
Ardınca çıxış edən millət vəkili Tənzilə Rüstəmxanlı Şura üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib: “Bu təşkilatda birləşən azərbaycanlılar iş görmək, ölkəmizi layiqincə təmsil etmək istəyən şəxslərdir. Mən Sahil Qasımovun və Arzu xanımın böyük zəhmətlərinin şahidi olmuşam. Bu gün Avropada Azərbaycan üçün çalışmaq daha rahatdır, çünki ortada qalib ölkə və güclü siyasi iradə var. Azərbaycan xalqını illərlə həsrətində olduğu zəfərə çatdıran lideri var. Avropalılar Prezident İlham Əliyev haqqında böyük hörmətlə danışırlar. ABŞ belə, uzun illər boyu Azərbaycanı qəbul etmirdi, amma bu gün münasibətin necə dəyişdiyi göz önündədir”.
Tənzilə Rüsəmxanlı bildirib ki, Şuranın fəaliyyəti ən çətin dövrlərdə belə davam edib: “Siz işə başlayanda vəziyyət çox ağır idi. Xocalı ilə bağlı tədbir keçirmək üçün Avropada yer tapmaq belə mümkün olmurdu. Ermənilər ciddi təzyiqlər göstərirdilər. Sahil bəy və Ofeliya xanım ağır basqılar altında Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil edirdilər. Mənim yadımdadır, Şuranın qadın üzvləri Azərbaycan bayrağını əllərində daşıyaraq tədbirlərə gedəndə ermənilər tərəfindən açıq-aşkar təhqirlərə məruz qalırdılar. Amma onların Azərbaycan sevgisi bir an belə sönmürdü. Onlar böyük əzmlə haqq səsimizi ucaldırdılar. Sizlərə ağır zamanda Avropanın müxtəlif bölgələrində toplaşaraq, Azərbaycanın maraqları uğrunda verdiyiniz mübarizəyə görə minnətdaram”.
Millət vəkili Elman Rüstəmov da çıxışında Şuranın qısa zamanda genişlənərək artıq 10-dan çox təşkilatı birləşdirdiyini bildirib: “Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, diaspora nümayəndələri yaşadıqları ölkələrdə siyasi amilə çevrilməlidirlər. Anti-Azərbaycan mahiyyətli qətnamələrin əleyhinə AŞPA və Avropa Parlamentində ilk etiraz səsini ucaldan məhz Avropa azərbaycanlılarının təşkilatı olub və bu prosesdə Sahil Qasımovun xüsusi rolu var. Onu Avropanın bir çox ölkəsində Azərbaycanın milli maraqlarını müdafiə edən mübariz şəxs kimi tanıyırlar”.
E. Rüstəmov vurğulayıb ki, Şura gələcəkdə daha böyük işlər görəcək: “Sizin potensialınız və qazandığınız hörmət var. Cəmiyyətdə formalaşdırdığınız nüfuz göstərir ki, Azərbaycanın haqq işini yüksək səviyyədə müdafiə etməyə davam edəcəksiniz. Təşkilat bir komanda ruhunda işləyir və bu, uğurun əsas səbəblərindəndir. Bu tədbirlərin işıqlandırılmasında Rauf Arifoğlunun təsisçisi olduğu media qurumunun da böyük dəstəyi var”.
Çıxış edən millət vəkili Rizvan Nəbiyev isə Azərbaycan Ordusunun qazandığı zəfərin həm ölkə daxilində, həm də diaspor müstəvisində böyük uğurlar yaratdığını bildirib:
“Azərbaycan öz ərazi bütövlüyünü və milli ləyaqətini bərpa etdi. Bu prosesdə dünya azərbaycanlılarının rolu danılmazdır. Diaspora o zaman güclü olur ki, çalışdığı ölkələrin siyasi dairələri ilə əlaqələr qurur, özünü tanıdır, mövqeyini bildirir. Bu baxımdan Sahil bəy və komandasının fəaliyyəti təqdirəlayiqdir. Qalib Azərbaycanı təmsil etmək böyük qürurdur. Prezidentin siyasi kursu sizin üçün əsas istiqamətdir və bu yolda sizə uğurlar arzulayıram”.
“Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu çıxışında bildirib ki, diaspora təşkilatlarının fəaliyyəti informasiya savaşında xüsusi rol oynayıb: “Onlar Xocalının, Qarabağın səsini duyurmaq üçün mübarizə aparan insanlardır. Bu mübarizə o ölkələrdə gedirdi ki, illərlə Azərbaycana qarşı ikili standart nümayiş etdiriblər. Diaspor nümayəndələri həmin ölkələrin ictimai fikrini dəyişməyi bacardılar. Onlar bunu çox məhdud imkanlarla edirdilər. İndi isə yeni dövr başlayır. Sizin yaşadığınız ölkələrdə ölkəmizə qarşı çıxış edən bəzi şəxslər var. Onlarla düzgün informasiya mübarizəsi aparılmalıdır. Çevrənizdə blogerlər, jurnalistlər var – onları təşkilatlandırmaq, koordinasiya etmək mütləqdir. Xarici kəşfiyyat strukturlarına bağlı olanlarla mübarizə aparmaq vacibdir”.
Qeyd edək ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) 2023-cü ildə Brüsseldə, Azərbaycanın Avropa İttifaqı yanındakı səfirliyində yaradılıb. Şura Avropanın 10 ölkəsinin Azərbaycan təşkilatları tərəfindən təsis olunub və rəsmi qeydiyyatdan Niderland Krallığında keçib.
