RU

Donlad Trampın “sülh planı”nda Ukraynanı qane etməyən üç məsələ

ABŞ-ın axtardığı sülh planı ilə Kiyevin qəbul etməyə hazır olduğu plan arasında ciddi fərqlər qalmaqdadır.
CNN-in yüksək vəzifəli Ukrayna mənbəsinə istinadən verdiyi məlumata görə, ötən həftə media orqanlarında dərc olunmuş Amerika təklifinin əksər bəndləri üzrə konsensus əldə edilib. Lakin, bir neçə kiçik fikir ayrılığı məqamından başqa, əhəmiyyətli fərqlərin olduğu ən azı üç əsas məsələ qalır.

Bunlar müharibənin sona çatması üçün danışıqların “uğuruna və ya uğursuzluğuna” təsir göstərə bilər.
İlk növbədə, bu, Donbasda hələ ələ keçirilməmiş Ukrayna ərazilərinin Rusiyaya təslim edilməsi ilə bağlıdır. Mənbə deyir ki, bu təkliflə bağlı “müəyyən irəliləyiş” əldə edilib, lakin layihə təkliflərinin mahiyyəti və ya ifadəsi ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib: “Ukrayna tərəfindən qəbul edilmiş bir versiyamızın artıq olduğunu demək səhv olardı”, – deyə mənbə vurğulayıb.
İkincisi, ABŞ-ın Ukrayna ordusunun sayını 600.000 əsgərlə məhdudlaşdırmaq təklifi hələ də müzakirə olunur. Yeni, daha yüksək rəqəm müzakirə olunur və Kiyev bu cür hərbi məhdudiyyətlərə razılıq verməzdən əvvəl daha çox dəyişiklik istəyir.

Nəhayət, Ukraynanın NATO-ya qoşulmaq niyyətindən imtina etməsi məsələsi ilə bağlı bir mənbə bildirib ki, bu tələb Kiyev üçün qəbuledilməz olaraq qalır. Belə bir güzəşt “pis presedent” yaradacaq və əslində təcavüzkar dövlət Rusiyaya üzvü olmadığı Qərb hərbi alyansında veto hüququ verəcək.
Hər üç məsələ – ilhaq edilmiş ərazilərin təslim edilməsi, Ukraynanın silahsızlaşdırılması və NATO-dan daimi çıxarılması – Kremlin Ukraynada müharibə aparmaq üçün istifadə etdiyi ən çox istinad edilən səbəblərdir. Bunlar həm də Ukrayna üçün qırmızı xətlər təşkil edir. Kanalın yekununa görə, onlardan hər hansı birindən rəsmi imtina sülh danışıqları aparan Ukrayna liderləri üçün potensial olaraq əhəmiyyətli risklər daşıyır.

//Samir Qurbanov, Editor.az

Избранный
29
editor.az

1Источники