RU

Blumberq: ABŞ-nin maraqlarına uyğun olaraq sülh Putinin ambisiyalarını cilovlamalıdır...

Milyarder xəbərdarlıq edir: Zəif razılaşma Ukraynanı deyil, Rusiyanı gücləndirər...

Poliqon xəbər verir ki, Bloomberg agentliyinin sahibi, amerikalı biznesmen Maykl Blumberq ABŞ administrasiyasını Ukraynanı əlverişsiz sülhə məcbur etməkdən çəkinməyə çağırıb. O, sabibi olduğu agentlik üçün yazdığı analitik məqalədə Vaşinqtonun əsas hədəfinin “Putinin ambisiyalarını cilovlayan, onları təşviq etməyən” sülh modeli olması gərəkdiyini vurğulayıb.

Blumberq bildirib ki, ABŞ-nin strateji maraqları yalnız güclü və Avropaya inteqrasiya olunmuş Ukrayna ilə təmin oluna bilər. Onun sözlərinə görə, zəif və tələsik bağlanmış saziş Ukraynanın təhlükəsizliyini deyil, Rusiyanın hərbi nüfuzunu artırar və nəticədə ABŞ üçün daha böyük risklər yaradar. Milyarder xatırladıb ki, ilkin 28 maddəlik sülh planında edilən dəyişikliklər müsbət dəyərləndirilə bilər, lakin “gecikdirilmiş təhlükə”ni unutmaq olmaz.

Blumberq qeyd edir ki, uğursuz saziş Rusiyaya Avropa üzərində əlavə təsir imkanı verəcək və bu, ABŞ-nin NATO öhdəliklərini daha da ağırlaşdıracaq. Belə bir vəziyyətdə Pentaqonun Avropaya daha çox qoşun göndərməsi lazım gələcək və bu, ABŞ-nin Asiyada, xüsusən də Çinin qarşısının alınmasında imkanlarını məhdudlaşdıracaq. Əgər Putin sazişi pozsa, Vaşinqton ya cavab verməli olacaq, bu isə daha genişmiqyaslı müharibə riski deməkdir, ya da “kağız pələng” kimi görünmək təhlükəsi ilə üzləşəcək.

Milyarder həmçinin xəbərdarlıq edib ki, Ukraynanın dəstəksiz buraxılması onu “ikinci Əfqanıstan”a çevirər və bu, ABŞ-nin etibarlılığına ağır zərbə vurar. Bu vəziyyət zəif dövlətlərin öz təhlükəsizliyi üçün nüvə silahı əldə etməyə çalışmasını sürətləndirə bilər. Eyni zamanda, Çin kimi ölkələr öz ərazi iddialarını həyata keçirmək üçün daha geniş imkanlara sahib olduqlarını hiss edəcəklər.

Blumberqin fikrincə, ABŞ üçün ideal nəticə “özünü uzunmüddətli perspektivdə Qərb silahları və kəşfiyyat dəstəyi ilə müdafiə edə bilən, suveren, Avropaya bağlı və güclü Ukrayna”dır. O vurğulayıb ki, Ağ Ev hansı model üzərində qərar verməsindən asılı olmayaraq, gələcək saziş Ukraynanın özünümüdafiə qabiliyyətini zəiflətməməlidir.

Poliqon.info

Избранный
66
poliqon.info

1Источники