Bakı-Abşeron Regional Turizm İdarəsinin təşkilatçılığı ilə turizm xidmətlərinin inkişafında dövlət və özəl sektorun roluna həsr olunmuş görüş keçirilib. Tədbirdə turizm sahəsində fəaliyyət göstərən dövlət qurumları, özəl sektor nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər. Toplantıda Bakı-Abşeron Regional Turizm İdarəsinin 2023–2025-ci illər üzrə fəaliyyəti, turizmin təbliği və beynəlxalq bazarlara çıxış mexanizmləri barədə təqdimatlar, eləcə də Turizm Reyestri üzrə yeniliklər nümayiş etdirilib.
Panel müzakirəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Bakı Şəhəri Reklam İdarəsinin İcazə və Razılaşdırma şöbəsinin sektor müdiri Şəhriyar Möhsümov çıxış edərək açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri, icazə alınması prosedurları və turizm obyektləri, xüsusilə otellərin ulduz kateqoriyasının açıq məkandakı reklamlarda düzgün göstərilməsi öhdəliyi barədə məlumat verib.
Tədbirdə həmçinin AQTA və “Azərbaycan Dəmir Yolları” QSC nümayəndələri xidmət keyfiyyəti, nəqliyyat və iaşə obyektlərində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə mövqelərini bölüşüblər. Milli Dalğıc Klubu sualtı turizm məhsullarını təqdim edib.
Görüş turizm xidmətlərində keyfiyyətin artırılması və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.


