Noyabrın 28-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda həftəsonları “Mövsüm yarmarkası” keçiriləcək.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarkada 30-a yaxın regiondan iştirak edəcək 55-dək fermer 120-yə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.
Yarmarka həftəsonu 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında təşkil olunacaq.
Qeyd edək ki, “Mövsüm yarmarkası”nda fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.