RU

Yeni il ərəfəsində otellərdə qiymət artımı gözlənilirmi? - AÇIQLAMA

Yeni ilin yaxınlaşması ilə ölkənin müxtəlif bölgələrində yerləşən otellərə olan tələbat əhəmiyyətli dərəcədə artır. Artan turist axını və bayram tədbirlərinə maraq qiymətlərin yüksəlməsinə səbəb olur. Xüsusilə istirahət zonaları və məşhur turizm mərkəzlərində bu artım daha çox hiss olunur. Qiymət dəyişikliyi həm otel sahiblərinin mövsümi gəlir gözləntiləri, həm də xidmətlərə olan yüksək tələbatla bağlıdır. Bu vəziyyət həm yerli turistlərin, həm də xaricdən gələn qonaqların seçimlərinə təsir göstərir. Bəs görəsən bu il qiymətlər necə olacaq? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, yeni il ərəfəsində otellərin qiymətlərində ötən illə müqayisədə ciddi artım gözlənilmir:

"Bölgələr üzrə iki nəfər üçün iki gecə, üç günlük paketlərin qiyməti təxminən 1500–1600 manat arasında dəyişir. Bu məbləğə qalma, qidalanma, Yeni il şənliyi, şam yeməyi və digər xidmətlər daxildir. Paketlərə adətən gün ərzində üç dəfə qidalanma da əlavə olunur. Beləliklə, adambaşı xərclər təxminən 750–1000 manat intervalında dəyişir".

Ekspert qeyd edib ki, qiymətlərin ən yüksək olduğu istiqamətlər əsasən Qəbələ, Quba və Qusar bölgələridir:

"Cənub bölgəsi, xüsusilə Lənkəran daha münasib qiymətlərlə seçilir. Şəki və Şabran da nisbətən ucuz variantlar təklif edir. Qarabağ bölgəsində isə qiymətlərin digər istiqamətlərlə müqayisədə daha cəlbedici olduğu müşahidə olunur. Bunun əsas səbəblərindən biri infrastrukturun inkişafı və regionun Bakıya olan məsafəsi ilə bağlı aparılan fəal marketinq siyasətidir.

Bununla belə, qiymətlər daha çox seçim məsələsidir. Vətəndaşlar bəzən qiymətlərin yüksək olduğunu bildirsələr də, bayrama az qalmış otellərdə yerlərin sürətlə satılması tələbin kifayət qədər olduğunu göstərir. Deməli, bazarda mövcud təklif real tələblə üst-üstə düşür", -deyə ekspert bildirib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
28
missiya.az

1Источники