RU

Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üçün atılan addımlar Azərbaycan diplomatiyasının məqsədyönlü siyasətinin nəticəsidir

“Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üçün atılan addımlar Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir. 2020-ci ildən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyün deyil, həm də siyasi gücünün ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsasını qoyur”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, postmüharibə dövründə Azərbaycan qalib tərəf olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən, sırf beynəlxalq prinsiplərdən çıxış etməklə sülh təşəbbüsünü irəli sürüb və daim sülh gündəliyinə dəyişməz sadiqlik nümayiş etdirib. Avqustun 8-də is’ Vaşinqtonda, Ağ Evdə möhtəşəm bir tarix yazıldı. Ağ Evdə aparılan müzakirələr, imzalanan sənədlər, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğuru oldu. Baş verənlər ölkəmizin necə düzgün, uğurlu yol keçdiyini, üzləşdiyi çərtinliklərə, haqsızlıqlara, ikili standartlara baxmayaraq, ümummilli hədəflərinə, sülh istəyinə doğru inamlı addımlar atdığını sübut etdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti və xalqı müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmindədir. Məlumdur ki, Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələr,  bu ölkənin yaxın-uzaq coǧrafiyalardakı havadarları dünya birliyinin 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini tanımamasına nail olmağa çalışırdılar, bəzi ölkələrin parlamentlərində hansısa bəyanatlar, qətnamələr qəbul olunurdu. Ancaq haqq yolu tutan, beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibənin qalibi olan  Azərbaycan təzyiqlər qarşısında geri çəkilməyərək öz həqiqətlərini müdafiə etməyi bacardı. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı, iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın başladığı, irəli apararaq məntiqi sonluğa yaxınlaşdırdığı sülh gündəliyini qəbul edir. Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun və ona bağlı olan əlaqəli qurumların de-yure ləğvi də keçmiş  Qarabağ münaqişəsinin beynəlxalq gündəmdən tamamilə çıxarılması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur. Artıq revanşistlərin, onilliklər ərzində işğalçılıq siyasətini dəstəkləmiş qüvvələrin, erməni lobbisinin istinad edəcəyi heç nə qalmayıb.

Sevinc Fətəliyeva qeyd edib ki, Vaşinqton razılaşmasından sonra qarşılıqlı etimad mühitinin formalaşması üçün praktiki addımlar atılır. Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz bunun göstəricisidir. Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. Rusiyadan da yüklərin Ermənistana Azərbaycan ərazisi vasitəsilə daşınması həyata keçirilir. Bu, o deməkdir ki, artıq regionda ticarət yolları açılır, sərhədlər yumşalır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranıb. Bu yaxınlarda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri də sülh yolunda önəmli addımdır.

“Beləliklə, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Cənubi Qafqaz hərbi toqquşmalar məkanından əməkdaşlıq platformasına çevrilməkdədir. Azərbaycanın sülh təşəbbüsləri bu gün həm beynəlxalq aləmdə, həm də region müstəvisində  etimad qazanıb. Dövlətimiz bu gün bölgədə dayanıqlı sülhün təmin olunması üçün zəruri addımlarını atır. Yekun sülh müqaviləsini imzalamaq üçün isə rəsmi Yerevan üzərinə düşən vəzifəni yerinə yhetirməlidir. Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasından və digər qanunvericilik aktlarından  Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Qarşı tərəf bu məsələni həll etdikdən sonra yekun sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq”,-deyə Sevin Fətəliyeva vurğulayıb.

Избранный
47
1
ikisahil.az

2Источники