Elm və Təhsil Nazirliyinin özəl bağçalar üçün qrant müsabiqəsinin nəticələrinə əsasən 63 qalib müəssisə müəyyənləşib. Valideynlər isə bunun nəticəsində hər hansı güzəştin tətbiq edilmədiyini bildirirlər.
Redaktor.az xəbər verir ki, narazı valideynlər bu barədə sosial şəbəkələrdə paylaşımlar ediblər.
Onların sözlərinə görə, 1 ay əvvəl aylıq 250-300 manata qəbul aparan bağçalar, indi ödənişi 550 manata qaldırıb:
“Siyahı üzrə olan bütün bağçalarda qiymətlər artıb. Bu isə heç nəyi dəyişmir. Əvvəl 300 manat ödəyirdiksə, indi də bu məbləğ dəyişməz olaraq qalır”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi açıqlama yayıb. Bildirilib ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək:
“Bildiyimiz kimi, 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub və qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb. Həmin qrant müqavilələrinə görə, Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsilhaqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış ola bilərsiniz.
Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər. Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək”.