“Azərbaycan universitetlərinin bu reytinqdə yüksək mövqedə görünməsi sevindiricidir. Lakin paradoks ondadır ki, ölkənin son 30 ildəki elmi-maliyyə reallıqları bu nəticələrlə tam ziddiyyət təşkil edir...”
Aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti dosent İlham Əhmədovun “Universitetlərimizin elmi reytinqləri: reallıq, paradokslar və sistem problemləri…” başlıqlı növbəti analitik yazısını dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:

“Böyük Britaniyanın “Times Higher Education” (THE) şirkəti “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı “Interdisciplinary Science Rankings 2026” nəticələrini açıqlayıb. Reytinqdə 97 ölkədən 911 ali məktəb yer alıb. Azərbaycanın 13 universiteti reytinq cədvəlinə düşüb ki, onların dördü əsas siyahıda, doqquzu isə “reportyor” statusundadır.
Azərbaycanın ilk 1000-likdəki göstəriciləri belədir:
1. ADİU — 351–400
2. BDU — 401–500
3. ADNSU — 601–800
4. ATU — 800+
Reytinqin məqsədi universitetlərin fənlərarası (interdisiplinar) elmə verdiyi real töhfəni ölçmək, eləcə də elmi mükəmməlliyi və sahələrarası əməkdaşlığı qiymətləndirməkdir. Qiymətləndirmə üç əsas istiqamət üzrə aparılıb:
1. Resurslar (Maliyyələşdirmə və İnvestisiya Potensialı)
Universitetin elmi tədqiqatlara ayırdığı maliyyə, dövlət qrantları, laboratoriya imkanları, əməkdaşlıq infrastrukturu.
2. Proseslər (İnzibati dəstək, tədqiqat mühiti, yüksəliş imkanları)
Elmi fəaliyyətin təşkili, tədqiqatçıların inkişafı, idarəetmə mexanizmləri, fənlərarası layihələrin stimullaşdırılması.
3. Nəticələr (Nəşrlər, sitatlar, keyfiyyət, reputasiya)
Qlobal elmi bazalarda görünürlük(görünmə dərəcəsi-red.), tədqiqatların keyfiyyəti, komanda elmi məhsuldarlığı, beynəlxalq nüfuz.
Reytinqin ironiyası və Azərbaycan reallığı
Azərbaycan universitetlərinin bu reytinqdə yüksək mövqedə görünməsi sevindiricidir. Lakin paradoks ondadır ki, ölkənin son 30 ildəki elmi-maliyyə reallıqları bu nəticələrlə tam ziddiyyət təşkil edir.
Təhsil sistemində maliyyə şəffaflığı olmadığına görə köhnə statistikaya müraciət edək. 2000-2015-ci illərdə ölkənin 50 universitetində elmi-tədqiqatlara ildə 2 milyon (yəni, hər univeritetə 40 min manat) pul sərf edilib. Sonrakı illərdə nəyinsə ciddi dəyişməsini ehtimal etmirik, baxmayaraq ki, bu müddətdə təhsilin büdcəsi 5 dəfə artıb. Düzdür, nazir bir dəfə demişdi ki, universitet elminin inkişafına 8 milyon manat ayırmaq haqqında düşünürəm, amma bu düşünmənin finalı bizə bəlli deyil. Əslində, 50 universitet üçün 8 milyon manat da heç nədir, nəzərə alsaq ki, 30 ildə heç nə olmayıb. Müqayisə üçün, Rusiya Federasiyasının əyalət universiteti - Stavrapol Dövlət Aqrar Universitetində elmin inkişafı məqsədi ilə (ölkədəki iqtisadi böhran olmasına rəğmən) hökumət 5 il müddətində 30 milyon dollar (ildə 6 milyon) investisiya edir.
Bəs bizim universitetlərimiz bu elmi “nailiyyətləri” hansı resurs, hansı tədqiqat mühiti, hansı investisiyalar əsasında əldə ediblər?
Aşağıdakı müşahidələr bu suallara cavab verir:
1. 30 ildə universitetlər dövlət qrantları almadan elmi fəaliyyət göstəriblər.
Elmi tədqiqatlar üçün sistemli maliyyələşmə olmayıb, institutlar illərlə layihəsiz, qrantsız qalıblar.
2. Universitetlərimizdə müasir elmi laboratoriyalar, avadanlıqlar, elmi infrastrukturlar formalaşmayıb.
Fənlərarası tədqiqat üçün tələb olunan şərait real olaraq mövcud deyil.
3. Ciddi elmi jurnallar, yüksək impakt-faktorlu nəşrlər və akademik reputasiya zəifdir.
Dünya səviyyəli jurnal siyasəti formalaşmadığı halda sitat və nəticə göstəriciləri necə artır?
4. Heç bir ciddi innovasiya, patent, ixtira və elmi nəticələrin kommersiyalaşdırılma nümunəsi yoxdur.
Universitetlər elmi nəticələrdən gəlir əldə etmir; elm–sənaye əməkdaşlığı zəifdir.
5. Ölkədə 30 ildə heç bir “Tədqiqat Universiteti” modeli formalaşmayıb.
Bu status verilmədiyi kimi, reallıqda belə bir universitet fəaliyyəti də yoxdur.
6. Beynəlxalq səviyyəli müştərək tədqiqatların sayı minimumdur.
Qlobal elmi şəbəkəyə real inteqrasiya baş verməyib.
Əgər bütün bunlar yoxdursa — reytinqdəki sıçrayış bəs nədir?
Bu vəziyyətdə Azərbaycan universitetlərinin THE kimi ciddi bir platformanın “fənlərarası elm” reytinqində irəliləməsi ya möcüzədir, ya da reytinq indikatorlarının nominal, kəmiyyət yönümlü və bəzi hallarda deklorativ məlumatlara əsaslanmasıdır.
Bu sual daha da kəskinləşir ki: əgər elmimiz həqiqətən güclüdürsə, 1 il əvvəl elm –təhsil naziri niyə “mən ölkədə alim tanımıram” demişdi?
İndi kimə inanmalı: nazirin dediyinə, yoxsa reytinq cədvəlinə?
“PR reytinqçiliyi” – elmin inkişafı deyil, onun inkişaf imitasiyasıdır.
Azərbaycan elmi və universitetləri inkişaf etmədən reytinqlərdə “uğur qazanırsa”, bu, daha çox PR yönlü vitrini, yəni elmi inkişafın yox, onun imitasiya formalarının artdığını göstərir.
Belə “fəaliyyət modeli” çox təhlükəlidir:
• resurslar boş PR layihələrinə gedir,
• universitetlər kağız üzərində inkişaf edir,
• real elmi sistem formalaşmır,
• akademik reputasiya zədələnir,
• dövlət siyasətinin prioritetləri qarışır.
Elmin inkişafı PR-la yox, strateji islahatla mümkündür
Bu gün ölkə iqtisadiyyatı elmdən real gəlir gətirəcək nəticələr gözləyir. Elm məhsuldar qüvvə olmalıdır, reklam bazarı yox. Universitetlərin və elmi qurumlarının vəzifəsi formal reytinq xalları toplamaq yox, ölkədə elm-sənaye ekosistemini qurmaqdır.
ETN ucuz PR layihələri ilə deyil, Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışında göstərilən strateji xəritə ilə işləməlidir. Prezident öz məruzəsində açıq şəkildə bildirilib ki, ölkə iqtisadiyyatı innovasiyalı inkişafa keçməlidir, elm real məhsul verməlidir, universitetlərin tədqiqat missiyası gücləndirilməlidir, fundamental və tətbiqi elm inteqrasiya etməlidir, dövlət qurumlarından elmi tədqiqatlara sifarişlər alınmalıdır. Amma ETN nəinki sifariş ala bilmir, öz fəaliyyət seqmenti üçün zəruri təhsil tədqiqatlarını belə universitetlərə sifariş etmir, maliyyələşdirmir. Sifarişsiz, maliyyəsoiz bir şəraitdə, pedaqiji profilli universitetlərdə elm necə inkişaf edə bilər?
Elmi sistem dəyişmədən reytinq dəyişməsi boş xülyadır. Elmi sistemi isə elm adamları dəyişə bilər.
Azərbaycan elmi bu illər ərzində sistem xarakterli problemlərlə üzləşib:
maliyyələşmənin olmaması, tədqiqat mədəniyyətinin zəifliyi, akademik reputasiya institutunun çökməsi, laborator baza çatışmazlığı, innovasiyaların, elm–sənaye əlaqələrinin yoxluğu.
Bu problemlər həll edilmədən universitetlərimizin reytinqdə “irəliləməsi” ölkəyə heç nə qazandırmır. Əksinə, gerçək problemlərin üzərini örtüb, yanlış təsəvvür yaradır..."